• 22 Yanvar 2022
logo
Elşad Hacıyev: “Metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb”

Elşad Hacıyev: “Metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb”

“Karantin qaydalarına əməl etməyən ictimai-iaşə obyektlərinin, vətəndaşların sıx olduğu müəssisələrin rəhbərləri bilsinlər ki, əgər nəticə çıxarmasalar, fəaliyyətlərinin dayandırılması qanunvericilikdə nəzərdə tutulur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib.
O, vətəndaşlardan etinasızlıq gördükdə bu barədə məlumat verməyi xahiş edib: “Ölkənin gələcəyi hər birimizdən asılıdır. Fəaliyyətinə icazə verilən sahələrdə aktiv koronavirus xəstəsi aşkarlanarsa, burada cinayət norması işə düşdüyü üçün həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu gün dövlətin tətbiq etdiyi siyasətə ironiya ilə yanaşanlar, əməl etməyənlər bu xəstəlikdən dünyasını dəyişdilər. Bu gün tibbi maskadan düzgün istifadə edilməməsi halları var”.
E.Hacıyev Bakı Metropolitenində karantin qaydalarına ciddi əməl edildiyini vurğulayıb: “Bakı Metropolitenində bu iş çox yaxşı qurulub. Bunun nəticəsidir ki, metroda aktiv koronavirus xəstəsi aşkarlanmayıb. Avtobuslara, xüsusilə aktiv koronavirus xəstələrini minməməyə çağırırıq. Növbəti aydan artıq paytaxt ərazisində yüklənmə yaranacaq. Tələbələrin Bakıya gəlişi gözlənilir. Paytaxtın mərkəzi küçələrində sıxlıq yaranacaq. Ona görə bu norma və qadağalara ciddi əməl edilməlidir”.