• 22 Yanvar 2022
logo
Nazirlik Sumqayıtda tüstü və iy-qoxunun səbəbini açıqlayıb

Nazirlik Sumqayıtda tüstü və iy-qoxunun səbəbini açıqlayıb

“Son zamanlar Sumqayıtda tüstü, iy-qoxunun yayılması ilə bağlı şikayətlər daxil olur, vətəndaşlar tərəfindən haqlı narazılıq bildirilir. Şəhərin havasında tüstü, iy-qoxu olması onsuz da çox isti keçən yay aylarında insanları daha çox narahat edir”.
Bunu APA-ya açıqlamasında ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib. Onun sözlərinə görə, bununla bağlı mütəmadi olaraq ərazidə monitorinqlər aparılıb, bir neçə müəssisə atmosferi normadan artıq çirkləndirdiyinə görə cərimə edilib:
“Monitorinqlərin əsasında müəyyən edilib ki, Sumqayıt şəhərinin havasını əsas çirkləndirən mənbə Sumqayıt məişət tullantıları poliqonudur. Dəfələrlə həmin ərazidə məişət tullantılarının düzgün idarə olunmaması səbəbindən öz-özünə yanma halları aşkar edilib”.
H.Əlizadənin sözlərinə görə, poliqona xidmət tərəfindən dəfələrlə cərimə, məcburi göstəriş verilib: “Son dəfə iyul ayının sonunda poliqona cavabdeh olan vəzifəli şəxs 4800 manat məbləğində cərimələnib. Dünən gecə saatlarında aparılan monitorinq zamanı yenə də tullantıların yandığı aşkar edilib. Bu da həm Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev adına qəsəbənin havasını ciddi çirkləndirib və iy-qoxu vətəndaşların narahatlığına səbəb olub. Problemin həlli üçün icra orqanları tərəfindən ciddi tədbirlər həyata keçirilməlidir. Biz səlahiyyətlərimiz çərçivəsində poliqonun rəhbərliyini dəfələrlə cərimə etmişik. Edilən cərimələrə baxmayaraq, problem hələ də həllini tapmır”.
Xidmət rəsmisi problemin həllini yeni poliqonun tikilməsində, mövcud poliqonun idarə olunmasının düzgün təşkilində gördüyünü vurğulayıb.