• 5 İyul 2022
logo
Hind Klinikasının baş həkimi mükafatlandırılıb

Hind Klinikasının baş həkimi mükafatlandırılıb

Hindistanın Bakıdakı səfirliyi 6 avqust 2021-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən hindistanlı həkim, Hind Klinikasının baş həkimi, doktor Racani Çandra D'Melloya “Pravasi Bharatiya Samman” mükafatının (PBSA) təqdim edilməsi ilə bağlı tədbir keçirib.

Səfirlikdən Baymedia.az-a verilən məlumata görə, “Pravasi Bharatiya Samman” mükafatı xaricdə fəaliyyət göstərən hindistanlılara Hindistanın möhtərəm Prezidenti tərəfindən verilən ən yüksək mükafatdır.

Doktor Racani Çandra D’Mello tibb sahəsinə verdiyi töhfələrinə görə bu mükafata layiq görülüb. O, 9 yanvar 2021-ci il tarixində keçirilən virtual mərasim zamanı PBSA mükafatına layiq görülmüş xaricdə fəaliyyət göstərən 30 Hindistan vətəndaşı və təşkilatı sırasında yer alıb.

Doktor Racani Çandra D'Mellonu təbrik edən Hindistanın səfiri B. Vanlalvavna, onun müxtəlif sahələrə, xüsusilə də tibb sahəsinə verdiyi töhfələrdən və nailiyyətlərindən danışıb. Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etdiyi xatırladan səfir ümidvar olduğunu bildirib ki, doktor Racani Çandra D'Mellonun əldə etdiyi müvəffəqiyyətlər Hindistanın tibb və tibb elmləri sahəsindəki uğurları barədə məlumatların Azərbaycanda daha da geniş auditoriyaya çatdırılmasına kömək edəcək.

Tədbirdə çıxış edən doktor Racani D'Mello Hindistan hökumətinə mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirib və bu mükafatı qazanmaqda ona göstərdiyi bütün dəstəyə görə ailəsinə və Azərbaycandakı dostlarına təşəkkür edib.

Hindistan diasporunun liderləri və Hindistanın dostları da bu münasibətlə doktor D'Mellonu təbrik ediblər.
Cavid