• 21 Yanvar 2022
logo
“Misirdə müxtəlif ölkələrdən olan tələbələrin Azərbaycan dilinə marağı sevindiricidir”

“Misirdə müxtəlif ölkələrdən olan tələbələrin Azərbaycan dilinə marağı sevindiricidir”

Seymur Nəsirov: “Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də öyrənilir”

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin nəzdində fəaliyyət göstərən və Qahirənin müxtəlif universitetlərində təhsil alan misirli və əcnəbi tələbələrə ödənişsiz əsasda təhsil verən kursların Azərbaycan dili üzrə bölməsinin yeni müdavimləri ilə görüş keçirilib. Bu barədə xalqcəbhəsi.az-a təşkilat rəhbəri Seymur Nəsirov məlumat verib.
“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov çıxış edərək tələbələrə Cənubi Qafqazın lider ölkəsi və böyük beynəlxalq nüfuza malik olan Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı barədə məlumat verib. Azərbaycan dilinin əhəmiyyətindən bəhs edən diaspor təşkilatının sədri diqqətə çatdırıb ki, əsrlərlə ərəb və digər dillərlə vəhdətdə zənginləşən dilimizə müxtəlif ölkələrdən olan tələbələrin böyük marağı sevindiricidir. Hər il diaspor mərkəzində təşkil edilən bu kursların müdavimləri Azərbaycan dilinin leksik və qrammatik qaydalarını öyrənir, həmçinin sonradan tərcümə ilə məşğul olurlar. Tələbələrin tərcümə etdikləri məqalələr yaxın vaxtlarda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyəti ilə bağlı işıq üzü görəcək dövri publisistik nəşrdə dərc olunacaq. Kurslarda, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və ədəbi irsi də öyrənilir.
Kurslarda iştirak edəcək 41 yeni tələbəyə tədris prosesi haqqında müfəssəl məlumat verən S.Nəsirov diqqətə çatdırıb ki, tələbələr 3 qrupa bölünəcək və 3 müəllim onlara həftədə 4 saat dərs keçəcəklər. Ümumilikdə isə, diaspor mərkəzində dünyanın 31 ölkəsindən 350 tələbə Azərbaycan dili ilə yanaşı, ərəb dili, dekorasiya, xəttatlıq sənəti və digər fənlər üzrə ödənişsiz təhsil alır.
Görüşün sonunda S.Nəsirov Azərbaycan dili kurslarının yeni müdavimlərinə təhsildə uğurlar arzulayıb.