• 10 Oktyabr 2024
logo
Daha 5 gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq

Daha 5 gənc meşəçilik ixtisası üzrə xaricdə təhsil alacaq

Azərbaycanda gənc meşəçi kadrların hazırlığının dünya standartlarına uyğun təmin edilməsi, meşə idarəetmə sisteminin müasirləşdirilməsi məqsədilə beş tələbə təhsil almaq üçün Türkiyəyə göndəriləcək.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli bildirib.
“Azərbaycanda meşəçilik ixtisası üzrə mütəxəssis hazırlayan Dövlət Aqrar Universiteti ilə ETSN arasında imzalanmış ikitərəfli Anlaşma Memorandumu çərçivəsində universitetin beş nəfər 2-ci kurs tələbəsi dünyanın qabaqcıl təhsil müəssisəsi olan Türkiyənin Qaradəniz Texniki Universitetinin meşəçilik fakültəsində təhsilini davam etdirəcək. Bu məqsədlə tələbələr və onların valideynləri ilə Nazirlikdə görüşdük. Əminik ki, gənclərimiz mükəmməl təhsil alaraq bilik və təcrübələrini artıracaq, meşəçilik ixtisasına dərindən yiyələnəcək, meşələrimizin idarə olunmasında öz təcrübələrini bölüşəcək və gələcəkdə Nazirliyimizin kadr potensialını zənginləşdirəcəklər. Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində tələbələr qardaş ölkədə meşəçilik ixtisası üzrə lazımi biliklərə yiyələndikdən sonra Nazirliyin aidiyyəti struktur bölmələrində işlə təmin olunacaqlar”.
Nazirlik rəsmisi onu da qeyd edib ki, bir neçə ay bundan əvvəl səkkiz gənc də təhsil almaq üçün Rusiyanın Voronej Dövlət Meşə Texniki Universitetinə göndərilib. Müasir tələblərə cavab verən kadr hazırlığı üzrə analoji layihələr bundan sonra da davam etdiriləcək.