“COVID-19-un mutant ştamlarına dair son zamanlar koronavirusların mutasiya olunmuş yeni və sürətlə yayılan “Delta” ştamı və ya variantı dünyada, eləcə də ölkəmizdə diqqət mərkəzindədir. O nə ilə səciyyələnir, nə dərəcədə təhlükəlidir, virusun bu növündən qorunmaq üçün əvvəlki qaydalar keçərlimi? Bu kimi digər çoxsaylı suallar insanların maraq dairəsindədir”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəlikər üzrə mütəxəssis Elza Orucova deyib. O, əlavə edib ki, Səhiyyə Nazirliyi və TƏBİB-in 13.07.2021 tarixli birgə bəyanatında Azərbaycanda SARS-CoV-2 virusunun ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrin 31-də ”Delta” (B.1.617.2) və 9-da isə “Alfa” (B.1.1.7 və ya Britaniya) variantlarının aşkar olması və bu yeni variantların bütün dünyada ciddi narahatlıq doğurduğu göstərilir: “Bu variantlar SARS-CoV-2 virusunun genetik variantlarıdır. “Delta və Alfa” ştamları kimi yeni adlar oxucuları çaşdırmasın, bunlara daha əvvəl uyğun olaraq Hindistan və Britaniya ştamları da deyilirdi. Belə ki, sözügedən ştamlar ilk dəfə olaraq hər iki ölkədə təxminən eyni vaxtda, yəni ötən ilin payızında “Delta” Hindistanda, “Alfa” ştamı isə Britaniyada müəyyən edilib”.
Onun fikrincə, sözügedən variantların əsas xüsusiyyətləri onların sürətlə yayılmasıdır koronavirusun Britaniya ştamı sözügedən ölkədə yayılsa da, hazırda yoluxmuşların arasında yeni olan “Delta ştamı üstünlük təşkil edir: “Britaniya Səhiyyə Sisteminin verdiyi məlumata əsasən, “Delta” ştamı “Alfa”ya nisbətən 60% daha çox yoluxucudur. Bu ştam dünyanın 90-dan çox ölkəsində yayılaraq Britaniyada, Rusiyada və digər ölkələrdə üstünlük təşkil edir (ÜST). SARS-CoV-2-nin ikin olaraq Uhan virusu kimi meydana çıxmasını nəzərə alsaq, ondan sonra Britaniya ştamı ona nisbətən 2 dəfə çox yayılması və Delta ştamı isə üstəlik, ondan da 2 dəfə yoluxuculuğu ilə fərqləndi.
Hazırda “Delta” ştamının mutasiyaya davam etməsi nəticəsində ikiqat mutasiya baş vermişdir. Belə ki, koronavirusun mutasiya ilə tanınan Hindistan ştamı “Delta” ilə yoluxma hadisəsi də məhz bu ölkədə qeydə alınıb və onun ortaya çıxan yeni növü isə “Delta-plyus” (B.1.617.2.1) adlanır. Bu yeni mutasiya “Delta” ilə bənzərlik təşkil edir və onunla müqayisədə yoluxuculuq qabiliyyətinin daha yüksək olması ehtiva edilir”.
E.Orucova diqqətə çatdırıb ki, “Delta” ştamının əvvəlkilərdən, xüsusən Britaniya ştamından fərqli xüsusiyyətləri ondan ibarətdir ki, 2 dəfə çox yoluxucudur, başqa sözlə ifadə etsək, insandan insana asan yoluxur, patogenliyi, yəni xəstəlik törətmə qabiliyyəti yüksəkdir və ağırlaşmaların inkişafı mümkünlüyünün yüksək olması ehtimal olunur: “Delta” ştamının digər ştamlarla müqayisədə görə ölüm faizinin artmasına gəldikdə isə, bu barədə statistika kifayətedici deyil. Düzdür, burada ağırlaşma riski yüksəkdir, lakin “ağır vəziyyət ölümə bir işarə olsa da”, bu fikir heç də bütün hallarda mütləq deyildir. “Delta” ştamı ilə törədilən COVID-19 infeksiyasının klinik mənzərəsi qripə xeyli oxşadığına görə (baş, boğaz agrısı, burun axması, bəzən də öskürək) ona qripəbənzər ştam deyilsə də, əlamətlərdə əsaslı bir fərq yoxdur. Gizli dövrün 7 gün deyil, 3 günə kimi qısalması və eşitmənin itirilməsi kimi yeni əlamətin rast gəlindiyi barəsində məlumatlar da var. Əfsuslar olsun ki, bir sıra yazılarda mutant ştamlarla şərtlənən koronavirus infeksiyasına xas olmayan əlamətlər səciyyəvi əlamətlər kimi dəyərləndirilir və ya əvvəllər də üzə çıxan əlamətlər “yenisi” kimi təqdim edilir.
Əvvəlcədən mümkün nəticələri izah etmək daha çətin olsa da, virusların mütəmadi olaraq dəyişib inkişaf edəcəyini, mutasiyaya uğrayacağını gözləmək olar. Ola bilsin ki, bundan sonra da yeni adlarla yeni-yeni ştamlar üzə çıxsın və bu sizi qorxutmasın, aranızda çaşqınlıq yaratmasın. Yay istirahətiniz öz axarınca getsin deyə koronovirusun variantından asılı olmayaraq fərdi qorunma vasitələrinə dair “üç qızıl qayda” tam ciddi gözlənilməlidir (ara məsafə, qapalı məkanlarda üzbəndin geyilməsi, əl+respirator gigiyena) və immunitetin hamının karına gələ biləcək, əlçatan, münasib, zərərsiz qeyri-spesifik vasitələrinə (vitaminlər, mineral maddələr və zülallarla zəngin təbii qidalarla düzgün və sağlam qidalanma, təmiz açıq havada gəzmək və çox olmaq, normal yuxu rejimi, günəşdən qaralma, idmanla məşgul olmaq, təbii biostimulytorlar və s.) üstünlük verilməlidir. Qısaca, “suda boğulanın xilası öz əlindədir”.
“Neçə həkim varsa, bir o qədər də fikir var”. Bu mənada immunitetin spesifik vasitəsi olan peyvəndlənməyə gəldikdə isə, bu, həqiqi mənada könüllü olmalıdır, lakin bəzi iş müəssisələrində işçilərə yanlış olaraq “könüllü məcburiyyət” prinsipi kimi davranırlar. Digər tərəfdən, koronavirusla mübarizədə peyvəndə dair fikirlər də birmənalı deyil, onun yaxın və uzaq nəticələri tam araşdırılmayıb.
Üstəlik, son mutasiyalardan koronafobiya, koronapsixoz kimi durumlara düşəcək qədər ifrat dərəcədə qorxmağa, təşviş, təlaş, həyəcan və sarsıntı keçirməyə dəyməz, çünki bu kimi hallar koronavirusun özündən də təhlükəlidir və gerçəkdən immuniteti xeyli zəiflədir. Xəstəlik ciddidir, lakin panika ilə xəstəliyi şişirdənlərə, təhrif olunmuş formada məlumat verənlərə qarşıyam. Vaxtı ilə Şərq təbiblərinin hökmdarı sayılan, psixoqiaqnostikanın banisi İbn Sina söyləmişdir: “panika, qorxu xəstəliyin yarısıdır”. Bu yerdə həqiqətin müqayisədə üzə çıxıdığını nəzərə alaraq xatırlatmaq kifayətdir ki, dünyada hər il təxminən 650 min nəfərin ölümünə qucaq açan qrip koronavirusdan daha təhlükəlidir (vaxtı ilə ispanka qripində ölüm elə sürətlə baş verirdi ki, “insan səhər tezdən tamamilə sağam ola bilər, gündüz bir dəfə asqıra bilər, axşama yaxın isə tabut sifariş verirlər”). Bu səbəbdən alimlər tərəfindən belə fikir formalaşıb: “koronavirus infeksiyası adi soyuqdəymədən daha ciddi görünür, lakin kəskin respirator virus infeksiyalarından, xüsusən qripdən daha az ciddidir”.
Sonda “sağlam orqanizm möhkəm immunitet, xəstə orqanizm isə zəif immunitetdir” fikrindən çıxış edərək tövsiyəm budur ki, düzgün qidalanın, immunitetinizi dəstəkləyin, COVID-19-un mutant ştamları barəsində yanlış, qorxunc xəbərlərə fikir verməyin. Sadəcə, özünüzü qoruyun, çünki özünü qorumaq başqasını qorumağa bərabərdir. Bilin, mən sizi əziz tuturam, çox sayğı bəsləyirəm və istəyirəm ki, bu infeksiyadan güclü olasınız!”.
Əli Zülfüqaroğlu