“Azərbaycan Prezidenti cənab İlham Əliyev “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına “Sosial müavinətlər haqqında” Qanununa uyğun olaraq aylıq müavinət ödənilməsi digər qanunverici aktlarda da nəzərə alınır”. Xaqlcəbhəsi.az-ın məlumatına görə, bunu millət vəkili Vüqar Bayramov deyib. Onun fikrincə, uyğunlaşdırılan dəyişikliklərə əsasən, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu zaman hər övladına aylıq 100 manat sosial müavinət ödəniləcək: “Bu növ sosial müavinətlər 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış müddətli həqiqi hərbiçilərin uşaqlarına aylıq olaraq ödənilir. Bu addım sosial xarakter daşıyır və məqsəd müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu ailələrinin sosial təminatını gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 15 aprel 2019-cu il tarixli 640 nömrəli Fərmana əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının övladlarının sosial təminatının gücləndirilməsi nəzərdə tutulub”.