• 20 Aprel 2024
logo
DSMF: Ünvanlı yardımlarla bağlı bəzi neqativ hallar qalmaqdadır

DSMF: Ünvanlı yardımlarla bağlı bəzi neqativ hallar qalmaqdadır

“Hazırda hər hansı vətəndaşın çətinliyi varsa və Dövlət Sosial Müdafiə Fondunun istər yerli regional ərazi filiallarında, istər mərkəz filiallarında çalışan əməkdaşlara müraciət etmək istəyirsə, bunun üçün qəbul mərkəzlərinə müraciət etməlidir. Ünvanlı sosial yardımla bağlı ümumiyyətlə vətəndaşla DSMF arasında hər hansı vasitədən söhbət gedə bilməz”.

Bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.
Onun sözlərinə görə, çünki sənədlər DSMF-yə təqdim olunmur, bunun üçün vətəndaş elektron informasiya sistemi üzərindən müraciət edir: “Burada çətinlik ondan ibarətdir ki, bəzi vətəndaşlarımızın elektron informasiya sistemlərindən istifadə imkanları yoxdur, bu məsələdə səriştəsizdilər. Təəssüf ki, bu səbəbdən hələ də bəzi neqativ hallar qalmaqdadır. Belə ki, bu zaman hansısa üçüncü şəxslər araya girirlər və deyirlər ki, “biz sizə kömək edə bilərik”. Bir neçə dəfə bununla bağlı suallar bizə ünvanlanıb. Bir neçə il əvvəl deyirdik ki, bu məsələni araşdırarıq. Amma bu gün araşdırmağa ehtiyac yoxdur, əgər bu gün DSMF adından kimsə belə bir şey deyirsə, tam əminliklə deyirəm ki, bu yalan məsələdir. Belə bir şey ola bilməz ki, Fondun əməkdaşı hər hansı bir informasiyanı üçüncü şəxs vasitəsilə vətəndaşa ötürsün. Həmin üçüncü şəxslərin, yəni “makler”lərin Fondun ərazi, yerli bölmələrinə yaxınlaşıb hər hansı sövdələşməyə getməsi, hansısa söhbət aparması belə mümkün deyil. Belə olan halda vətəndaş hüquq-mühafizə orqanlarına, eyni zamanda Dövlət Sosial Müdafiə Fonduna müraciət edə bilər. Vətəndaşın haqlı müraciəti, qanunla təmin edilməli olan hüququnun DSMF tərəfindən yox, hansısa üçüncü şəxs tərəfindən həll edilməsi mümkünsüzdür”.