• 11 Oktyabr 2024
logo
2 minədək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

2 minədək şəxsə ünvanlı sosial yardımın ödənilməsi dayandırılıb

Artıq 2 minədək şəxsə ünvanlı dövlət sosial yardımının ödənilməsi dayandırılıb.
Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu gün təqribən 70 min ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir, bu isə 280 min insanı əhatə edir.
S.Babayev əlavə edib ki, elektron auditlər zamanı ünvanlı dövlət sosial yardımı təyinatından sonra qısa müddət ərzində bir sıra şəxslərin əmək müqavilələrinin ləğv edilməsi, sosial sığorta ödənişlərinin həyata keçirilməməsi və digər şübhəli hallar meydana çıxır: "Məsələn, ən son meydana çıxan hallardan biri budur ki, bir fiziki şəxsin imzaladığı əmək müqavilələri nəticəsində onunla muzdlu əmək müqaviləsinə malik 170-dən çox şəxs ünvanlı sosial yardım alır. Yəni bir fiziki şəxs, bir kiçik şirkət çərçivəsində 170 ünvanlı sosial yardım alan şəxsin olması və onlarla imzalanmış əmək müqaviləsinin 3-5 gün, 1 həftə sonra ləğv edilməsi birbaşa onu göstərir ki, elektron sistemlərə saxta informasiyalar ötürülür".
Nazir saxta yollarla ünvanlı sosial yardım almağa başlamış şəxslərlə bağlı tədbirlərin görüləcəyini vurğulayıb.