• 15 Oktyabr 2024
logo
Sumqayıt Dövlət Universitetində icbari tibbi sığorta ilə bağlı təlim keçirilib

Sumqayıt Dövlət Universitetində icbari tibbi sığorta ilə bağlı təlim keçirilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin “İcbari tibbi sığorta: üstünlükləri və perspektivləri” mövzusundakı layihənin icrası çərçivəsində Sumqayıt Dövlət Universitetində növbəti təlimlər keçirilib.
Təlimi giriş sözü ilə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinin sədri i.f.d., dosent Rəsmiyyə Abdullayeva açaraq 2020-ci ildən bütün ölkədə tətbiq ediləcək icbari tibbi sığortanın əhəmiyyətindən, onun əhalinin sosial müdafiəsinin gücləndirilməsindəki rolundan danışıb və bu layihənin həyata keçirilməsinin əhali, xüsusilə də tələbələr arasında maarifləndirmə nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Sonra təlimçilər – Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun Elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov: “İcbari tibbi sığorta: dünya təcrübəsi”, Birliyin sədr müavini, AMEA İqtisadiyyat İnstitutunun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Pərviz Həsənov “İcbari tibbi sığortanın dövlət tənzimlənməsi”, Birliyin İdarə Heyətinin üzvü, AMEA İqtisadiyyat İnstitutunun doktorantı Samir Mahmudov: “Əhalinin sosial müdafiəsinin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Birliyin üzvü, AMEA İqtisadiyyat İnstitutunun kiçik elmi işçisi Mələk Əliyeva “Azərbaycan icbari tibbi sığortanın mövcud vəziyyəti və perspektivlər” mövzularında çıxışlar etdilər.
Təqdimatlardan sonra müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. Sumqayıt Dövlət Universitetinin əməkdaşları – “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, dosent Aynurə Yəhyayeva, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri, dosent Loğman Abdullayev, “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının müdiri, dosent Məlahət Pənahəliyeva, “Biznesin təşkili və menecment” kafedrasının müdiri, dosent Qalib Hüseynov, “İqtisadiyyat” kafedrasının müdiri, dosent Lalə Mahmudova çıxış edərək belə aktual bir məsələyə diqqət çəkdiklərinə görə Türkdilli Dövlətlərin İqtisadçıları İctimai Birliyinə təşəkkür ediblər.