• 19 Mart 2024
logo
Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır

Nazir: Saxta əlillik dərəcəsi almaq istəyənlərin çoxu 18 yaşına çatmayan oğlanlardır

Saxta əlillik dərəcəsi almaq istəyən şəxslərin çoxu 18 yaşına çatmayan oğlanlardır ki, bu cəhdlər də daha çox onların hərbi xidmətdən yayınması üçün edilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
S.Babayev əlavə edib ki, orta və yuxarı yaş kateqoriyasında olanlar daha tez pensiyaya çıxmaq üçün bu yola əl atırlar. Çünki əlilliyi olan şəxslər üçün pensiya çıxma tələbləri daha asandır: "Ona görə də bu kimi halların qarşısını almaq üçün monitorinqlərimizi davam etdiririk. Əsasən risk kriteriyaları üzrə araşdırma aparırıq".
Nazirin sözlərinə görə, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə işçi qrupu cari ildə saxta əlillik almış 2500-dən artıq əlil müəyyən edib: "Onlarla bağlı ciddi tədbir görülüb. Bu tədbirlər nəticəsində dövlət büdcəsinə illik 13 milyondan artıq qənaət edilib. Bu proses daimi olacaq və aşkarlanan hər hansı bir neqativ halla bağlı tədbir görüləcək".
Azərbaycanda 620 min əlilin olduğunu xatırladan nazir onlarla bağlı ciddi qiymətləndirilmənin aparıldığını söyləyib.