• 5 Fevral 2023
logo
Ucar ağsaqqalları bundan sonra da ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərəcəklər

Ucar ağsaqqalları bundan sonra da ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərəcəklər

Ucarda pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun şəkildə Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib. Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzində keçirilən toplantıda vəfat etmiş ağsaqqalların və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Şuranın sədri, millət vəkili Eldar Quliyevin salamlarını tədbir iştirakçılarına çatdırıb. Sonra respublika ağsaqqallarına göstərilən diqqət və qayğıdan, qarşıda duran vəzifələrdən danışan natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətdən, yüksək səviyyəli ordu quruculuğundan, ölkəmizdəki dayanıqlı tərəqqi prosesindən və digər aktual məsələlərdən bəhs edib. Konfransın fəaliyyətinə uğurlar arzulayan Vahid Novruzov əmin olduğunu bildirib ki, Ucar Rayon Ağsaqqallar Şurasında təmsil olunan ağsaqqalların, ziyalıların dəstəyi ilə təşkilatın fəaliyyəti və nüfuzu daha da yüksələcək.
Sonra konfransda təşkilati məsələlər müzakirə olunub, rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilib. Ağamalıyev Mirzalı Qurban oğlu yenidən Ucar Rayon Ağsaqqallar Şurasının sədri seçilib. Həmçinin Şuranın 9 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət Təftiş Komissiyası formalaşdırılıb.
Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev ona və heyət üzvlərinə göstərilən yüksək etimada görə öz minnətdarlığını bildirib. Təşkilatın daha uğurla fəaliyyət göstərməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verən sədr vurğulayıb ki, Ucar ağsaqqalları bundan sonra da ölkəmizin inkişafı, xalqımızın rifahı naminə yorulmadan fəaliyyət göstərəcəklər.
Daha sonra Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək ölkənin, o cümlədən də Ucar rayonunun ictimai-mədəni həyatında ağsaqqalların daşıdığı əhəmiyyətli roldan və onların nüfuzundan bəhs edib. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə yaşlı nəslin nümayəndələrinə hər zaman yüksək dövlət qayğısı göstərilib. İcra başçısı Ucar Rayon Ağsaqqallar Şurasının yeni tərkibinə uğurlar arzulayaraq, onların üzərinə düşən vəzifələrin həyata keçirilməsində, xüsusilə də gənclərin xalqa, dövlətə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyəsi işində daha fəal iştirak edəcəklərinə əmin olduğunu bildirib.