• 29 Yanvar 2023
logo
İnformatika üzrə fənn olimpiadasının respublika mərhələsinin final turu ADA Universitetində keçirilib

İnformatika üzrə fənn olimpiadasının respublika mərhələsinin final turu ADA Universitetində keçirilib

İyunun 4-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə ADA Universitetində informatika üzrə fənn olimpiadasının respublika mərhələsinin aşağı və yuxarı yaş qrupları üzrə final turu keçirilib.

Müsabiqədə ümumilikdə 77 şagird müvafiq fənn üzrə biliklərini sınayıb. Mövcud pandemiya şəraitinə uyğun olaraq təşkil edilən yekun mərhələdə aşağı yaş qrupu (VIII-IX siniflər) üzrə 29, yuxarı yaş qrupu (X və XI siniflər) üzrə 48 finalçı yarışıb.

Şagirdlərə 5 alqoritmik məsələ və məsələlərin həlli üçün 5 saat vaxt verilib.

“Kapital Bank”ın sponsorluğu ilə təşkil edilən final turda iştirak edənlərin topladıqları ballar bu gün elan ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadların aşkarlanması, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması və onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirməyə təşviq edilməsidir.

Qeyd edək ki, ADA Universiteti İnformasiya Texnologiyaları və Mühəndislik fakültəsini təsis etməklə bu sahədə gənc mühəndislər, proqramçılar yetişdirir, həmçinin beynəlxalq tədbir və konfranslara ev sahibliyi edir. Bu tədbirlər sırasında 2019-cu ildə Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasını qeyd etmək olar. Elə məhz həmin ildən etibarən Universitet, Beynəlxalq İnformatika Olimpiadasının qayda və standartlarına uyğun olaraq Milli İnformatika Olimpiadasının yarımfinal və finalına ev sahibliyi edib. Bundan əlavə, ADA, ötən ildən etibarən Respublika fənn olimpiadalarının qaliblərinə birillik 100 faiz təqaüd təqdim etməyə başlayıb. İnformatika üzrə fənn olimpiadasında qızıl medal əldə edənlər İnformasiya Texnologiyaları, Kompüter elmləri və Kompüter mühəndisliyi üzrə bir il tamamilə ödənişsiz təhsil ala bilərlər. Riyaziyyat üzrə fənn olimpiadasının qızıl medalçıları isə Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul üçün keçirdiyi imtahanlarda iştirak etmədən ADA Universitetinə daxil ola və 4 il müddətində ödənişsiz təhsil ala bilərlər.

Final turu ilə bağlı icmal videosunu aşağıdakı keçid vasitəsilə izləyə bilərsiniz:

https://bit.ly/2TTivMp