• 14 Oktyabr 2019
logo
add image
Arzu Nağıyev: Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi

Arzu Nağıyev: Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların idarə olunması mərkəzinin yaradılması vacib idi

Azərbaycanda mülki sahədə istifadə olunan pilotsuz uçan aparatların (PUA) idarə olunması mərkəzinin yaradılması çox vacib idi.
Bunu açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu sahənin tənzimlənməsi Azərbaycan üçün əhəmiyyətlidir: "Bu məsələ hətta 2018-ci ildə Azərbaycanda PUA-ların idxalı ilə bağlı keçirilən dəyirmi masada da əsas mövzulardan olub. Bu prosesdə bir sıra razı və narazı kütlə var. Əsas məqam ondan ibarətdir ki, bu PUA-lar niyə ölkəyə gətirilir və hansı istiqamət üzrə istifadə olunacaq?! Yəni bu aparatların ölkəyə gətirilməsinin səbəb və məqsədi nədir?! Əgər PUA-ların istifadəsini kateqoriyalara bölsək, həmin aparatlar bir neçə istiqamət üzrə istifadə olunur. Oyuncaq dronlar var ki, bu qurğular keçmiş sovet dönəmində də olub. Digər bu tip qurğular peşəkar səviyyədə toy və ziyafət çəkilişlərində, təntənəli tədbirlərin çəkilməsində istifadə olunur. Bəziləri bu aparatlardan sadəcə özləri üçün əyləncə vasitəsi kimi istifadə edirlər.
Bu prosesdə aparatların uçma yüksəkliyi də əsas götürülür - 120 metrdən çox yüksəklikdə və həmin məsafəyə qədər uçan qurğular var. Ümumiyyətlə, dünya təcrübəsində heç bir şəhərin üzərində pilotsuz uçuş aparatının uçmasına icazə verilmir. Hətta insanların kütləvi olduğu ərazilərdə də bu qurğuların uçması qadağandır".
Ekspert qeyd edib ki, Avropa təcrübəsində də bu aparatların nəzarətsiz uçmasına qadağa qoyulub: "Bu il may ayının 24-də Avropada həmin dronların uçması ilə bağlı qaydalar tətbiq olunub. Bu qaydalarda pilotsuz uçan aparatların istifadə yerləri və qaydaları müəyyən edilib ki, həmin aparatlar harada, necə və hansı məsələ ilə əlaqədar istifadə edilə bilər. Qaydalara görə, pilotsuz uçan aparatların hərbi istiqamətdə, əyləncə xarakterli, eləcə də uşaq oyuncaqlarının istifadəsində ayrı-ayrı qaydalar var. Yeni qaydalarda pilotsuz uçan aparatın sahibi də, həmin aparatın özü də qeydiyyata alınır".
A.Nağıyev bildirib ki, Azərbaycanda pilotsuz uçan aparatların istifadəsi üçün hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumların razılığı ilə lisenziya alınmalıdır: "Azərbaycan müharibə şəraitində olduğuna görə, bizdə bu məsələlərə bir az ciddi nəzarət olunur. Qeyd edim ki, son vaxtlar müxtəlif cinayətkar qruplar, terror təşkilatları böyük hava limanlarında, əhalinin sıxlıq təşkil etdiyi ərazilərdə təxribat törətmək üçün bu qurğulardan istifadə ediblər. London Hava Limanında, "Qarabağ" komandasının sonuncu oyununda bu cür təxribat xarakterli hadisələrin törədilməsini buna misal çəkmək olar. Ona görə də Azərbaycanda bu cür hadisələrin baş verməməsi üçün sözügedən məsələnin tənzimlənməsi çox vacibdir. Ümumilikdə, bu qurğuların harada, hansı şəraitdə və nə məqsədlə istifadəsi nəzarətə götürülməlidir".