• 28 Noyabr 2021
logo
ETSN: Bu il qanunsuz balıq ovu ilə bağlı 15-ə yaxın cinayət işi aidiyyəti üzrə təqdim olunub

ETSN: Bu il qanunsuz balıq ovu ilə bağlı 15-ə yaxın cinayət işi aidiyyəti üzrə təqdim olunub

“Kürüləmə ilə əlaqədar hazırda ölkədə balıq ovu qadağandır. Avqustun 31-dək balıq ovlanması üçün istifadə olunan torların yığılması ilə bağlı aksiya keçiriləcək”.

Bunu açıqlamasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, bu səbəbdən sentyabrın 1-dən balıq ovuna icazənin verilməsi nəzərdə tutulur: “Bu il ölkədə 15 min metrdən çox sintetik tor yığılıb. Bu rəqəm ötən il 2-3 dəfə çox idi, bu da o deməkdir ki, bu il ümumilikdə brakonyerlik və qanunsuz torların miqdarı azalıb”.

Xidmət rəisi deyib ki, qanunsuz balıq ovu adətən Kür çayı hövzəsində qeydə alınır: “Bunun da səbəbi odur ki, vətəndaşlar orada ənənəvi balıq ovu ilə məşğul olublar. Balıq ovu üçün sintetik torlar 90 faiz halda xaricdən gəlir. Çünki ölkədə bu torların istehsalı kimsəyə sərf etməz. Balıq ovu ilə daha çox yerli vətəndaşlar məşğul olur. Son iki ildə ölkəyə gələn əcnəbilərin sayı azdır. Onlar da adətən ovçuluqla məşğul olublar. Bu ilin birinci rübü ərzində balıq ovu ilə bağlı təxminən 15-ə yaxın cinayət tərkibli iş aidiyyəti üzrə təqdim olunub. Ölkədə 10 ildir nərə balıqlarının ovu və kürü istehsalına qadağa qoyulub".

H. Əlizadə, eyni zamanda deyib ki, Xəzər dənizində son 10-15 ildə kilkə balıqlarının sayında azalma müşahidə olunur: “Kilkə balıqları bir çox balıqların yem növüdür. Nərə balıqlarının da yemi kilkə olduğundan onların sayı da dəfələrlə azalıb. Eyni zamanda, bölgə balığı, uzunburun balığının (nərəkimilər dəstəsi) sayının da 3-4 dəfə azalması qeydə alınır”.