• 19 Mart 2024
logo
Nazir: "Biz daha çox təhsilin məişət xarakterli daşıyan məsələlərini müzakirə edirik"

Nazir: "Biz daha çox təhsilin məişət xarakterli daşıyan məsələlərini müzakirə edirik"

“Son illər Azərbaycan təhsil sistemi demək olar ki, bütün beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir. Bu tədqiqatlarda iştirak etmək çox vacibdir. Çünki müəyyən zamanlarda bu qiymətləndirmələrdən kənarda qalmışdıq”.

APA-nın məlumatına görə, bunu Təhsil İdarəçiliyi Beynəlxalq konfransında çıxış edən Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir deyib ki, həmin tədqiqatlarda iştirak etməyəndə keyfiyyət baxımından dəqiq ölçülə bilən ekspert məlumatları əldə edilmir: “Beynəlxalq qiymətləndirmələr güzgüdür, biz o güzgüyə baxanda bəyəndiyimiz və bəyənmədiyimiz cəhədləri görürük. Ümumən iştirak etdiyimiz bütün beynəlxalq qiymətləndirmələrdə Azərbaycanın nəticələri müsbət dinamika ilə inkişaf edir. Amma dinamika müsbət olsa da bir sıra sahələrdə nəticələrin daha da artmasını hədəfləməliyik. Bizim cəmiyyət üçün TEAMS, PİSA, PİRLS ən çox müzakirə olunan mövzular sırasında deyil. Biz daha çox təhsilin məişət xarakterli daşıyan keçid balları, gündəlik giley-güzar məsələlərini müzakirə edirik. Amma bununla belə tam səmimi şəkildə inanıram ki, TEAMS nəticələri, tədqiqatı fundamental təhsil nöqteyi-nəzərindən, əldə edilmiş nəticələr baxımından Azərbaycan müəllimlərinin, məktəbinin, təhsilverənlərinin, ümumilikdə təhsil sisteminin əldə etdiyi ən böyük uğurlarından biridir".

E. Əmrullayevin sözlərinə görə, təəssüflər olsun ki, cəmiyyət olaraq bu kriteriyadan deyil, daha çox fərdi problemlər kriteriyasından təhsilə baxdığımızdan, bu indikator, ümumiyyətlə, müzakirə edilmir: "Hətta səmimi desəm, Azərbaycan təhsil sistemini tənqid etmək üçün ən yaxşı məlumatlar oradadır. Kimsə bizi tənqid etmək istəyirsə, çox sevinərik ki, həmin adamlar bizi məhz həmin hesabatlarda olan çatışmazlıqlara görə təndiq etsin. Çünki məhz o çatışmazlıqların aradan qaldırılması Azərbaycan təhsilinin inkişafı deməkdir, nəinki fərdi giley-güzar, atmacalar və bu tipli digər qiybət xarakteri daşıyan söhbətlər”.