• 25 Aprel 2024
logo
İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqramın təqdimatı olub

İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqramın təqdimatı olub

İctimai yerlərdə su sızıntılarından xəbər verilməsi üzrə mobil proqram təminatı olan Hydro Heroes (Hidro Qəhrəmanlar) tətbiqinin Ekologiya və Təbii Sərvətlər Nazirliyində təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tətbiq IDEA İctimai Birliyi və BMTİP-QEF Kür II Layihəsi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərsu” ASC ilə tərəfdaşlıq çərçivəsində hazırlanıb.

Proqram barədə məlumat verən IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov qeyd edib ki, ictimaiyyətin su itkisinə qarşı fəaliyyətə cəlb edilməsinə yönəlmiş mobil tətbiqin yaradılması təşəbbüsü Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən 2018-ci il 5 iyunda - Ümumdünya Ətraf Mühit Günündə keçirilən Gənclər Forumu zamanı irəli sürülüb. Onun sözlərinə görə, sonra IDEA ilə BMTİP-QEF Kür II Layihəsi bu cür mobil tətbiqin birgə yaradılması qərarına gəlib: "Əksər ölkələrdə su təchizatı sistemlərində olan itkilər 20-70% arasındadır. Yəni, su paylama şəbəkələrində yaranan qəza və nasazlıqlar səbəbindən küçələrə və ictimai yerlərə sızan təmizlənib, içməli suyun böyük hissəsi istifadəçilərə çatmamış itirilir. Bu, suyun təmizlənməsinə sərf olunmuş vəsaitin itirilməsi və ictimai infrastruktura zərər vurulması ilə yanaşı, qlobal istiləşmə və dünya əhalisinin artması səbəbindən getdikcə məhdudlaşan şirin su resurslarının daha da azalması deməkdir. Suyun qənaətinə yönəlmiş Hydro Heroes tətbiqi Azərbaycan vətəndaşlarına geolokasiyadan istifadə edərək mobil telefonlarından su sızıntısı haqqında məlumatı və görüntüləri birbaşa aidiyyəti quruma göndərmək, problemin həlli ilə bağlı cavab əldə etmək imkanı verir. Mobil tətbiq su şəbəkəsində sızmaların aradan qaldırılma müddətini və su itkisini əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək". O bildirib ki, tətbiq artıq Google Play-də mövcuddur: "Yaxın iki həftə ərzində IOS sistemində də olacaq. Hydro Heroes mobil tətbiqi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və “AzInTelecom” MMC-nin dəstəyi ilə hazırlanıb".

Proqramı təqdim edən BMTİP-QEF Kür II Layihəsinin Regional kommunikasiyalar üzrə meneceri Sona Quliyeva qeyd edib ki, tətbiqi açanda ilk növbədə proqramla bağlı qaydalar ekranda görünür: "Tətbiqdən Azərbaycan və ingilis dilində istifadə etmək mümkündür. Tətbiqə su və suya qənaət ilə bağlı əyləncəli və maarifləndirici xüsusiyyətlər, o cümlədən su ilə bağlı test və oyun, Kür hövzəsinin Azərbaycandakı bir sıra sularının 360 dərəcə videoları, AR (Augmented Reality) funksiyası, su sərfiyyatı kalkulyatoru da daxildir. Əsas funksiyası isə su sızmalarından xəbərdar olmaqdır".

Menecerin sözlərinə görə, proqramda su sızmaları barədə məlumat vermək də mümkündür: " Bu zaman proqram vasitəsilə sızıntının şəklini çəkib və ya qaleriyadan şəkli seçərək göndərə bilərsiz. Göndərdiyiniz məlumatlar "Azərsu"nun serverinə gedir. Bir neçə gün ərzində həmin məlumatlar yoxlanılır və sızıntının aradan qaldırılması üçün işlər görülür".