• 8 Dekabr 2024
logo
Azərbaycanda distant təhsilə qoyulan tələblər müəyyənləşir

Azərbaycanda distant təhsilə qoyulan tələblər müəyyənləşir

Distant təhsil ali təhsilin dövlət standartları əsasında ali təhsilin birinci və ikinci səviyyələri, eləcə də yenidənhazırlanma üzrə təhsil proqramlarının həyata keçirilməsini və ali təhsilin əlçatanlığını təmin edir. Ali təhsil müəssisəsi tərəfindən təhsil və ya əlavə təhsil proqramlarının həyata keçirilməsində elektron təhsil, məsafədən təhsil texnologiyalarının tətbiqi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Bu, “Ali təhsil haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Elektron təlim (e-learning) resurslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tələblərə uyğunluğuna nəzarəti keyfiyyət təminatı qurumu həyata keçirir. Elektron təhsil resursları yaradılarkən müəllif hüquqları qorunur. Distant təhsilin təşkili üçün tədris prosesini dəstəkləyən təlim materialının sistemləşdirilmiş və strukturlaşdırılmış elektron formasından ibarət elektron təhsil resursları sistemi yaradılır. Elektron təhsil sisteminin yaradılması və ondan istifadə aşağıdakı vəzifələri həll edir:
- müasir informasiya texnologiyaları əsasında vahid elektron təhsil məkanının yaradılması;

- ali təhsil proqramlarının gerçəkləşdirilməsinə verilən tələblərə uyğun təhsil prosesinin informasiya təminatının həyata keçirilməsi;

- informasiya texnologiyaları əsasında təlim prosesi iştirakçılarının ünsiyyət məkanının təmin edilməsi;

- təhsil prosesi iştirakçıları üçün bütün elektron təhsil resurslarının (təhsil proqramı, təhsil planı, fənnin (modulun) işçi planı, elektron kitabxana və s.) əlçatanlığının təmin edilməsi;

- aralıq və cari qiymətləndirmənin şəffaflığının və səmərəliliyinin təmin edilməsi;

- təhsilalanların fərdi-psixoloji xüsusiyyətlərini, sağlamlıq imkanlarını nəzərə almaqla elektron təhsil resurslarının adaptivliyinin təmin edilməsi;

- hər bir təhsilalanın elektron portfoliosunun yaradılması.

Elektron təlim resursunun aşağıdakı tipləri müəyyən edilir:

- elektron tədris kursu;

- elektron nəşrlər;

- elektron dərslik;

- elektron tədris vəsaiti;

- elektron praktikum;

- biliyin qiymətləndirilməsinin nəzarət-ölçü materiallarının (test tapşırıqları bankı) elektron fondu;

- elektron trenajor (simulyator);

- açıq təhsil resursu.

Elektron portfolioda elektron vasitə və daşıyıcıların köməyi ilə təhsilalanların tədris prosesində əldə etdiyi fərdi müvəffəqiyyətləri toplanır. Rəqəmsal təhsilin təşkili və tətbiqini təmin etmək məqsədilə ali təhsil müəssisəsində “Rəqəmsal tədris” və “Elektron imtahan mərkəzi” və rəqəmsal təhsilə dəstək üçün elektron tədris platformaları yaradıla bilər.

Vahid elektron təhsil resursları məkanının və sistemin yaradılması ali təhsil müəssisələrinin birgə təhsil proqramlarının, təhsilalanların, təhsilverənlərin və tədqiqatçıların mobilliyini, kreditlərin modullar üzrə toplanmasını təmin edir. Məsafədən təhsil texnlogiyası ilə elektron təlim çeviklik, adaptivlik, interaktrivlik və tədris prosesinin modullarla təşkili prinsiplərinə əsaslanır. Məsafədən təhsilin təşkili və vahid təhsil informasiya məkanın yaradılması məqsədilə “Təhsildə telekommunikasiya və informasiya sistemləri mərkəzi” təşkil edilir.

Təhsil müəssisələri bu Qanunla nəzərdə tutulmuş formalarda elektron təlim, məsafədən təhsil texnologiyalarından istifadə edərək təhsil proqramlarını və ya onların hissələrini həyata keçirirlər. Bu zaman təhsil müəssisəsi auditoriya dərs yükünün həcmini və təhsilverənin təhsilalanla bilavasitə əyani dərslərin həcmi ilə elektron təlim və məsafədən təhsil texnologiyalarından istifadə etməklə təşkilini müstəqil olaraq müəyyən edir.

Elektron təlim, məsafədən təhsil texnologiyalarından istifadə edilməsinə icazə verilməyən təhsil proqramlarının, ixtisas və təhsil sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Elektron təlim, məsafədən təhsil texnologiyalarından istifadə etməklə təhsil proqramlarını həyata keçirərkən, elektron informasiya ehtiyatlarını, elektron təhsil resurslarını, informasiya texnologiyalarını, telekommunikasiya texnlogiyalarını özündə birləşdirən elektron informasiya və təhsil mühitinin işləməsi və əlçatan olması üçün şərait yaradılmalıdır.

Elektron təlim, məsafədən təhsil texnologiyalarından istifadə edərək təhsil proqramlarını və ya onların bir hissəsini həyata keçirərkən ali təhsil müəssisəsi məlumat və telekommunikasiya texnologiyalarından istifadə edərək məsafədən təqdim olunan fərdi konsultasiya şəklində təhsilalanlara tədris və metodiki dəstəyi təmin edir. Təhsilalanların distant təhsil zamanı əldə etdiyi biliklərinin aralıq və cari qiymətləndirməsinin avtomatik idarə olunması üçün hazırlanmış elektron testlərdən istifadə oluna bilər.

Elektron təlim, məsafədən təhsil texnologiyalarından istifadə edərək təhsil proqramlarını və ya onların hissələrini həyata keçirən ali təhsil müəssisəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təhsil prosesinin nəticələrini və daxili sənədləri elektron rəqəmsal formada qeyd edir və saxlayır.

Ali təhsil müəssisələri elektron təlim, məsafədən təhsil texnologiyalarını istifadə edərək ali təhsilin müxtəlif səviyyələrində müvafiq təhsil proqramlarını həyata keçirmək hüququna malikdir. Təhsil fəaliyyətinin həyata keçirildiyi yer təhsilalanların yerləşməsindən asılı olmayaraq təhsil müəssisəsinin yerləşdiyi yerdir.