• 18 Aprel 2024
logo
Aİ və BMT İP Azərbaycanda yeni layihəyə start verib

Aİ və BMT İP Azərbaycanda yeni layihəyə start verib

Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır".

APA-nın xəbərinə görə, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin başlanmasına həsr olunmuş onlayn tədbirdə çıxışı zamanı deyib.

Aİ Nümayəndəliyinin rəhbəri bildirib ki, Azərbaycan və Aİ arasında enerji və digər sahələrdə geniş əməkdaşlıq mövcuddur.

K.Yankauskas qeyd edib ki, bu il Aİ və Azərbaycan rəhbərliyi arasında onlayn formatda keçiriləcək görüşdə də tərəflər arasında əməkdaşlıq prioritetləri müzakirə olunacaq.

"İnsan kapitalı, yaxşı idarəçilik və s. kimi sahələrdə bizim iş birliyimiz var. Biz yaşıl iqtisadiyyat, rəqəmsal format və səhiyyə sahələrində əməkdaşlığı daha da dərinləşdirəcəyik. Aİ və Azərbaycan arasında xüsusilə səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunacaq. Aİ-nin həyata keçirdiyi proqramlar Azərbaycan və Azərbaycan xalqı üçündür ", - deyə Aİ səfiri vurğulayıb.

Layihə haqqında danışan diplomat bildirib ki, Aİ bu layihənin reallaşdırılmasını tam maliyyələşdirəcək: "Bu maliyyə innovativ əsaslı dayanıqlı vətəndaş cəmiyyətinin formalaşmasına, güclənməsinə yönələcək. Aİ Azərbaycanda innovasiyanı, dayanıqlılığı dəstəkləyir".

Layihənin təqdimatında çıxış edən BMT İnkişaf Proqramının (BMT İP) Azərbaycandakı nümayəndəsi Alessandro Frakassetti bildirib ki, bu, ən böyük layihələrdən biridir: “İnkişaf etmiş cəmiyyətin daha da güclənməsinə kömək edəcək bu layihələr çox vacibdir".

Alessandro Frakassetti qeyd edib ki, BMT İP Azərbaycanla bağlı 2025-ci ilə qədərki strategiyasını təsdiqləyib: “Bu strategiyada ətraf mühit, bacarıqların inkişafı, qadınların səlahiyyətləndirilməsi kimi məqamlar yer alıb”.

Təqdimatda bildirilib ki, bu layihə 2021-2023-cü illəri əhatə edəcək. 3 milyon avro büdcəsi olan layihənin maliyyələşdirilməsi Aİ-yə aiddir. Ölkəni əhatə edəcək layihədə xüsusi diqqət bölgələrə ayrılacaq. Layihədə əsas hədəf vətəndaş cəmiyyəti təşkilatları və sosial yönümlü müəssisələrdir.

Layihə iki istiqamətdə fəaliyyət göstərməklə vətəndaş cəmiyyəti təşkilatlarının potensialını artırmağa yönələcək: Siyasi tədqiqatlar, informasiya və təbliğat strategiyası, şəbəkələrin yaradılması, təşkilati inkişaf, sosial sahibkarlıq və innovasiya kimi aktual sahələrdə potensialın artırılması; gender, iqlim dəyişikliyi və COVID-19 pandemiyası ilə mübarizə kimi sahələrdə potensialın artırılması.

Vətəndaş cəmiyyəti təşkilatları gender aspektlərini əhatələyən siyasətin təhlili, inkişaf siyasətlərində iqlim amilinin yer alması və COVID-19 pandemiyasının təsirinin qiymətləndirilməsi sahəsində öz bacarıqlarını təkmilləşdirəcək.

Təqdimatın sonunda iştirakçıların sualları cavablandırılıb.