• 29 Mart 2024
logo
Prezidentin təltif etdiyi prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub

Prezidentin təltif etdiyi prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim olunub

Bu gün Baş Prokurorluqda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında” 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 38 prokurorluq əməkdaşını yüksək dövlət mükafatları orden və medallarla təltif etməsinin Azərbaycan Prokurorluğuna Dövlət başçısı tərəfindən göstərilən inamın ifadəsi və dövlətçiliyimizin maraqlarının qorunması işində prokurorluğun fəaliyyətinə verilən yüksək etimad kimi dəyərləndirib, təltiflərin prokurorluğun kollektivi üçün böyük sevincə səbəb olmaqla ikiqat məsuliyyət yaratdığını qeyd edib.

Bundan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına müvafiq olaraq, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunmuş prokurorluq əməkdaşlarına dövlət mükafatları təqdim edilmiş, həmçinin ağır və xüsusilə ağır cinayətlərin istintaqının aparılmasında, korrupsiyaya qarşı mübarizədə, məhkəmədə dövlət ittihamının müdafiə olunmasında yüksək peşəkarlıq göstərən bir qrup əməkdaş mükafatlandırılıb.

Baş prokuror Kamran Əliyev ölkə başçısı İlham Əliyevə göstərilən yüksək inam və etimada görə kollektivin adından minnətdarlığını bildirərək, Azərbaycan Prokurorluğunun bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə respublikamızın dinamik inkişafına istiqamətlənən yeni məzmunlu dövlətçilik siyasətinin reallaşdırılmasında öz xidmətlərini göstərəcəyinə əminliyini qeyd edib.