• 21 Noyabr 2019
logo
add image
Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir

Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyəti Cenevrədə görüşlər keçirir

İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyasında iştirak edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndə heyətinin ÜƏMT-nin Keçid və inkiaf etmiş ölkələr departamentinin rəhbərliyi ilə görüşü olub.
Agentlikdən verilən məlumata görə, nümayəndə heyətinin rəhbəri Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov tədbirin açılışında ölkəmizin ÜƏMT ilə əməkdaşlığının uğurla inkişaf etdiyini bildirib, əqli mülkiyyət sahəsinin ölkəmizin iqtisadiyyatının inkişafına, xüsusən də investisiyaların cəlb olunması prosesinə, həmçinin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasına müsbət təsirlərini vurğulayıb.
Müasir dövrün gündəliyinə təsiri ilə seçilən innovativ inkişafda süni intellekt mövzusuna toxunan Agentliyin rəhbəri ÜƏMT ilə əməkdaşlığın perspektiv istiqaməti kimi bu fenomenin əqli mülkiyyət sahəsində praktiki tətbiqinin əhəmiyyətini xüsusi qeyd edib və bununla əlaqədar birgə tədbirin keçirilməsini təklif edib.
ÜƏMT-nin Keçid və inkiaf etmiş ölkələr departamentinin direktoru Mixal Şvantner Azərbaycanın beynəlxalq əqli mülkiyyət sistemində aparılan bütün müzakirələrdə yaxından iştirak etdyini qeyd edərək, ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.
Öz növbəsində həmin şöbənin Qafqaz, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri sektorunun müdiri İlya Qribkov qeyd edib ki, ÜƏMT və Azərbaycan arasında sıx məkdaşlıq qurulub və tərəflər bir neçə birgə layihənin həyata keçirilməsi üzərində iş aparırlar.
Görüşdə iştirak edən Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov bu əməkdaşlığın göstəricisi kimi ÜƏMT-nin Baş direktoru Frensis Qarrinin son illərdə iki dəfə Azərbaycanda rəsmi səfərdə olmasını diqqətə çatdırıb. “Azərbaycanda həyata keçirilən geniş sosial-iqtisadi islahatlar çərçivəsində əqli mülkiyyətin xüsusi rolu həmişə qeyd edilmişdir. Və ÜƏMT ilə ölkəmizin sıx əməkdaşlığı bu islahatların həyata keçirilməsinə mühüm töhfə verir”, - deyə o, bildirib.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair praktiv məsələlər də müzakirə edilib.