• 6 Dekabr 2024
logo
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq

Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq

“Builki imtahanlarla bağlı məsələni yenə də Təhsil Nazirliyi ilə müzakirə etmişik. Ümumi müzakirənin nəticəsi olaraq bir çox proqramlarda xeyli yüngülləşmə aparılıb”.

Bunu APA TV-yə açıqlamasında Dövlət İmtahan Mərkəzinin şöbə müdiri Natiq Əliyev bildirib.

“Abituriyent” jurnalının 1-ci sayının artıq çap olunduğunu deyən şöbə müdiri bildirib ki, orada imtahanların ikinci mərhələsi, yəni qəbul imtahanları üzrə bütün fənlərlə bağlı proqramlar çap olunub: “O proqramlarda müəyyən qədər yüngülləşmə, ixtisarlar aparılıb. Məsələn, tarix fənni üzrə kifayət qədər ixtisarlar, proqramın sadələşdirilməsi həyata keçirilib. Bildiyiniz kimi, İkinci Qarbağ müharibəsi ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən bir vəsait hazırlanıb. Bunun “Abituriyent” jurnalının 2-ci sayında çap edilməsi nəzərdə tutulub. Amma ola bilər ki, yaxın vaxtlarda DİM-in saytına da yerləşdirilsin. Tarix imtahanında o vəsaitdən də sual olacaq”.

Qeyd edək ki, DİM-in rəsmi saytında artıq Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında hazırlanmış məqalə yerləşdirilib:

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair istifadəsi nəzərdə tutulmuş tapşırıqlar bu material əsasında tərtib ediləcək.

Material yaxın vaxtlarda “Abituriyent” jurnalının 2-ci sayında da dərc olunacaq.