• 6 Dekabr 2021
logo
Bakı-Quba-Rusiya yolunun 16-30-cu km-lik hissəsində təmir işlərinin birinci hissəsi bitib - FOTO

Bakı-Quba-Rusiya yolunun 16-30-cu km-lik hissəsində təmir işlərinin birinci hissəsi bitib - FOTO

Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan 14 km hissəsində təmir-bərpa işlərinin birinci hissəsi bitib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir-bərpa işləri zamanı yol örtüyünün aşınma qatı frezlənərək kənara daşınıb, örtüyün deformasiyaya uğramış hissələri xüsusi texnika vasitəsi ilə sökülərək qaldırılıb, yatağın yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək yol yatağı yenidən tikilib. Ardınca yeni yol əsası inşa edilib və hamarlayıcı lay asfalt-beton örtüyü döşənib.

Bunun ardınca frezlənmiş və hamarlayıcı lay döşənmiş ərazilər iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-betonla örtülüb. Artıq Sumqayıtdan Ceyranbatan qəsəbəsini keçməklə “VAZ dairəsi” deyilən ərazi istiqamətində 14 km-lik yolda qeyd olunan işlər görülərək yekunlaşdırılıb.

Magistralın təmir-bərpa işləri aparılan 14 km-lik hissəsinin yol ayrıcında quraşdırılmış əyri xətli dəmir tirlər də sökülərək, beton arakəsmələrlə əvəzlənib.

Bir istiqamət üzrə işlər bitdiyi üçün hazırda magistralın 16-cı km-dən (VAZ dairəsi) 30-cu km-dək (Sumqayıt) olan hissəsində yenidənqurma işlərinə başlanılıb.

Vətəndaşların rahat gediş-gəlinin təmin olunması istiqamətində aparılan işlər zamanı avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur. Bu üzdən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.

Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun olaraq işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.