Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 19 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 6 nəfər xilas edilib, mənzildə 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, 9 aprel 2021-ci il tarixində Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batmış 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.