• 22 Noyabr 2019
logo
add image
Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində 1 Oktyabr- Beynəlxalq Ahıllar gününə həsr edilmiş tədbir keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, AMEA-nın prezidenti Akif Əlizadə, millət vəkilləri, YAP funksionerləri və b. iştirak edib.
Ə.Əhmədov ölkəmizin dinamik inkişafı şəraitində ölkəmizdə güclü sosial siyasətin aparıldığını, həssas qruplardan olan vətəndaşlara diqqət və qayğının daim artırıldığını vurğulayıb. O, Prezident İlham Əliyevin uğurlu sosial siyasətində ahıl vətəndaşların rifah halının yaxşılaşdırılmasının da mühüm yer tutduğunu bildirib. Ə.Əhmədov bunun daha bir təzahürü kimi, ahıllara dövlətin qayğısının artırılmasına yönələn işlərin ildən-ilə geniş miqyas aldığını, eyni zamanda, dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraitinin, onların etibarlı sosial müdafiəsinin təmin olunduğunu diqqətə çatdırıb.
S.Babayev Prezident İlham Əliyevin sosial inkişaf kursuna uyğun olaraq, ahl vətəndaşların pensiya təminatının gücləndirilməsi istiqamətində atılan mühüm addımları diqqətə çatdırıb. O, dövlət başçısının islahatlar proqramının uğurlu nəticələrindən biri kimi, bu ilin ötən dövründə ölkəmizdə pensiyanın minimum məbləğinin 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırıldığını, bununla da Azərbaycanda minimum pensiya məbləğinin pensiyaçılar üçün yaşayış minimumunu 34,2 faiz üstələdiyini qeyd edib.
Nazir sosial xidmət müəssisəsində yaşayan ahıl insanların dövlət qayğısı ilə əhatə olunduqlarını, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış şəraiti yaradıldığını, müəssisə üçün 5 mərtəbəli 170 yerlik ikinci korpusun inşa olunaraq istifadəyə verildiyini bildirib.
S.Babayev Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əhalinin sosial cəhətdən həssas olan kateqoriyalarına, habelə tənha ahıllara xüsusi qayğısından bəhs edib. Heydər Əliyev Fondunun sosial xidmət müəssisələri, o cümlədən, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi ilə bağlı nəcib layihələrini, xeyirxah tədbirlərini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bu müəssisənin sakinlərinə qayğıkeş münasibətini, buraya tez-tez gələrək buradakı yaşlı, ahıl insanlarla görüşdüyünü qeyd edib.
O həmçinin sosial xidmət sistemində yeni istiqamətlərdən biri kimi, Bakıda və bölgələrdə ahıllar üçün günərzi mərkəzlərin yaradıldığını deyib.
A.Əlizadə ahıl insanlara hörmət və ehtiram göstərilməsinin milli-mənəvi dəyərlərimizdən biri olduğunu vurğulayıb. O, ahıllarla bağlı dövlət siyasətinin də yaşlı, ahıl insanlara hörmət, diqqət və qayğı göstərilməsi prinsipinə əsaslandığını bildirib.
237 nəfərin yaşadığı müəssisənin sakinləri ürək sözlərini ifadə edərək, onların sosial təminatlarının gücləndirilməsi, müasir, rahat yaşayış şəraitinə malik olmaları üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.