Milli Parkların hər birinin girişində beynəlxalq standartlara cavab verən ekoturizm mərkəzlərinin yaradılması vacib məsələdir.
Bunu Alman İnkişaf Bankının Transsərhəd birgə katibliyi layihəsinin milli koordinatoru Ruslan Salmanov "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, həmin mərkəzlərdə insanları qarşılayan məsul şəxslər olmalıdır: "Təəssüf ki, ölkənin milli parklarında bununla bağlı müəyyən boşluqlar var. Bundan başqa, xüsusi mühafizə olunan təbiət əraziləri barədə qəbul edilən qanunvericilik bazasına dəyişikliklər edilmədir".
R.Salmanov əlavə edib ki, milli parklarda iaşə obyektlərinin və ya yerləşdirmə yerlərinin tikilməsi mümkündür: "Belə obyektlərin inşası üçün lazımi prosedurlar normativ aktlarda öz əksini tapmayıb. Bu gün ölkədə 11 milli parkdan cəmi bir - ikisini çıxmaq şərti ilə digərlərində belə obyektlər yoxdur".
Tədbirdə qeyd edilib ki, Abşeron yarımadasının ən son nöqtəsi olan "Şah dili" (qartalın dimdiyi kimi tanınan ərazi) Abşeron Milli Parkının da son nöqtəsidir və bu ərazini turistlər üçün daha maraqlı və yaddaqalan bir məkana çevirmək, rəmzi guşə yaratmaq olar.
Görüşdə iştirak edən ETSN nümayəndələri bu maraqlı ideyanı dəstəklədiklərini və artıq bütün milli parklar üçün yaddaqalan və brendə çevrilməli olan oxşar layihələrin üzərində iş aparıldığını bildiriblər.
Tədbirdə ekoturizmin inkişafı ilə bağlı turizm şirkətlərinin nümayəndələri tərəfindən də bəzi təkliflər səsləndirilib.
Qeyd edilib ki, Azərbaycanın gözəl təbiətə malik bəzi ərazilərinə, o cümlədən şəlalələrinə avtomobillə və ya piyada getmək təhlükəlidir. Bu yerlərdə bir çox ölkələrdə olduğu kimi kanatlar çəkilə bilər.
Bildirilib ki, milli parklarda heyvanlar aləmini turistlərə canlı deyil, yalnız fotolar vasitəsilə göstərmək mümkündür. Bunun üçün xarici təcrübədən yararlanaraq turistlərin vəhşi heyvanların olduğu ərazilərə təhlükəsiz şəkildə daxil ola bilməsi üçün imkanlar yaradılmalıdır.