• 28 Noyabr 2021
logo
Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edilib

Türkdilli Ölkələrin Jurnalistlər Alyansı təsis edilib

Türkdilli ölkələr arasında media sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə yönəlik yeni ictimai birlik təsis olunub. Bu barədə "OLAYLAR"-a məlumat verən təşkilatın təsisçisi, Əməkdar Jurnalist Süleyman İsmayılbəyli deyib ki, "Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyi adlanan təşkilatı yaratmaqda məqsəd bu coğrafiyaya daxil olan ölkələr arasında media sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi həyata keçirmək, eyni zamanda ayrı-ayrı ölkələrin media qurumlarında Azərbaycanın təbliği ilə bağlı məqalələr dərc etməkdir: "Bununla yanaşı həm Türkiyə-Azərbaycan Media Platforması, həm də bu günlərdə Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında qəbul edilən qərarların icrasına dəstək olmağı düşünürük".

Süleyman İsmayılbəyli deyib ki, İctimai Birlikdə ölkənin tanınmış KİV-lərinin nümayəndələri təmsil olunur: "Artıq başda Türkiyə olmaqla bir sıra türkdilli ölkələrin media qurumları, federasiya və jurnalist təşkilatları ilə ilkin danışıqlar aparılıb və gələcəkdə birgə qarşılıqlı əməkdaşlığa dair razılıq əldə olunub".

"Türkdilli Ölkələrin Jurnalistlər Alyansı" İctimai Birliyinin təsisçisi Süleyman İsmayılbəyli deyib ki, yaxın günlərdə müvafiq sənədlər dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyinə təqdim ediləcək.