• 30 Noyabr 2021
logo
“Ağsaqqallar milli-mənəvi dəyərlərimizin daşıyıcısı funksiyasını bu gün də uğurla davam etdirməkdədirlər”

“Ağsaqqallar milli-mənəvi dəyərlərimizin daşıyıcısı funksiyasını bu gün də uğurla davam etdirməkdədirlər”

2 aprel 2021-ci idə Qubada keçirilən Rayon Ağsaqqallar Şurasının konfransında bu sözləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov ümummilli lider Heydər Əliyevin “Ağsaqqal milli-mənəvi dəyərlərimizin qızıl fondudur” tarixi fikrini səsləndirdikdən sonra vurğulamışdır.
Pandemiya ilə əlaqədar karantin rejiminin qaydalarına uyğun şəkildə keçirilən konfransdan öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Quba şəhərindəki abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad etmişlər.
Yığcam tərkibdə keçiriliən toplantıda Vətən müharibəsində həlak olmuş şəhidlərimizin və dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.
Yığıncağı Quba Rayon İcra Hakimiyyətinin başcısı Ziyəddin Əliyev açaraq tədbir iştirakçılarını, ağsaqqalları salamladıqdan sonra möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasından, aparılan uğurlu daxili və xarici siyasətdən bəhs etmişdir. Respublika ağsaqqallarının ictimai həyatda tutduqları mühüm yerdən, o cümlədən yerli ağsaqqalların rayonunun həyatında oynadıqları əhəmiyyətli roldan söhbət açmışdır. Ağsaqqalların məsləhətinə həmişə ehtiyacın olması barədə danışan icra başçısı Quba Rayon Ağsaqqallar Şurası tərəfindən möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi sahəsində qarşıda duran vəzifələr barədə məlumat verərək qeyd etmişdir ki, ağsaqqal sözü hər zaman böyük əhəmiyyət daşıyır. Sonda Ziyəddin müəllim toplantı iştirakçılarını və bütün şəhər ağsaqqallarını bir daha 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən böyük Zəfər münasibətilə təbrik edərək konfransın işinə müvəffəqiyyətlər arzulamışdır.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov öz çıxışına möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun qazandığı möhtəşəm Qələbə sevinci başlayaraq, artıq bu il Novruz bayramının Şuşada qeyd edildiyini böyük qürur hissi ilə tədbir iştirakçılarının diqqqətinə çatdırmışdır. O vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Şuşada bayram tonqalı qalayaraq xalqımızın 30 ildir ürəyində yaşatdığı arzusunu həyata keçirdi, qəlbimizdəki Qarabağ nisgilini bu tonqalın isitisi ilə tamamilə əritdi. Bildirildi ki, tezliklə Şuşa təkcə Azərbaycanın deyil, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcək və dövlət başçısı cənab İlham Əliyevin, Mehriban xanım Əliyevanın tükənməz əməyi və səyi nəticəsində nəinki Şuşa, işğaldan azad edilmiş bütün torpaqlarımız daha da gözəlləşəcək və inkişaf edəcəkdir.
Daha sonra Tahir Süleymanov qeyd etdi ki, 30 ildən çoxdur ölkəmizin tarixində ictimai faydalı təşkilat missiyasını uğurla həyata keçirən, sıralarında müdrik ağsaqqallarımızı, görkəmli ictimai-siyasi xadimlərimizi, dəyərli elm və incəsənət adamlarını birləşdirən Respublika Ağsaqqallar Şurasının çoxsaylı üzvləri hər zaman dövlətə, dövlətçiliyə, xalqımızın rifahının yüksəlməsinə xidmət etmişlər. Ağsaqqallarımız ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və hal-hazırda uğurla davam etdirilən daxili və xarici siyasət kursunun vətəndaşlarımız arasında təbliğ edilməsi, əhalinin bütün təbəqələrinin Azərbaycan Prezidenti cənab İlham Əliyev ətrafında daha sıx birləşməsi, gənclərin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində üzərlərinə düşən vəzifələri bu gün də layiqincə yerinə yetirmək üçün əllərindən gələni əsirgəmirlər. Və çox sevindirici haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ağsaqqallara dövlətin diqqət və qayğı siyasəti hal-hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla həyata keçirilir.
Sonda Tahir müəllim bildirmişdir ki, ölkəmizdə davam edən tərəqqi prosesi, canlanma Azərbaycan Ağsaqqallar Şurasında da özünü göstərməkdədir. Belə ki, Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin başçılığı ilə təşkilatda bir çox işlər həyata keçirilir. Artıq təşkilatın yeni Nizamnaməsi qəbul edilmişdir və rayonlar üçün hazırlanmış Əsasnamələr hal-hazırda qəbul olunur. Bütün şəhər və rayon ağsaqqallar şuralarında yenidən təşkilatlanma prosesi gedir. Yeni hazırlanan iş planları əsasında Şuranın işinin daha da aktivləşdirilməsi nəzərdə tutulur. Əsas məqsəd Azərbaycanda ağsaqqallıq institutunun fəaliyyətini, o cümlədən nüfuzunu daha da yüksəltməkdir və biz əminik ki, təşkilatda təmsil olunan tanınmış ziyalılarımızın, elm, mədəniyyət və ictimai-siyasi xadimlərimizin dəstəyi ilə bu məqsədimizə nail olacağıq.
Daha sonra çıxış edən natiqlər ağsaqqallarımızın Azərbaycanın ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, onlara göstərilən dövlət qayğısından bəhs edərək gənclərin vətənpərvərlik və dövlətə, xalqa sədaqət ruhunda, zərərli vərdişlərdən uzaq və sağlam təməl üzərində yetişdirilməsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu vurğulamışlar. Qeyd edilmişdir ki, bütün bölgələrdə olduğu kimi Quba rayonunda da dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dinamik inkişaf prosesində ağsaqqalların fəaliyyəti danılmazdır. Rayonun sosial-iqtisadi inkişafında onların hər birinin böyük əməyi vardır.
Sonda təşkilati məsələlərə baxılmış, Quba rayon Ağsaqqallar Şurasının yeni Əsasnaməsi qəbul edilmiş, həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşdirilmiş, İldırım Məmmədov yenidən Rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir.
Rayonun ağsaqqalları adından ölkə rəhbəri cənab İlham Əliyevə müraciət oxunmuş və yekdilliklə qəbul edilmişdir.