• 27 Noyabr 2020
logo
Tıxac ancaq Bakıdadır...

Tıxac ancaq Bakıdadır...

Sanki hamı Bakıya üz tutur. Bəzən bu, insanların daha müasir və daha parlaq mühit istəyi ilə izah olunur. Bəzən də növündən - ağ, qara, zavod, yaxud təndir olmasından asılı olmayaraq, çörəkpulu dalınca gəlirlər. Amma bu bəzən variantını faktlarla bəzəyək. Dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində çox iş görülüb.

Elə 2004–2018-ci illər ərzində ümumi daxili məhsul artıb, qeyri-neft sektoru inkişafdadır, sənaye də, kənd təsərrüfatını da unutmaq olmaz. Həmin bu müddətdə ölkədə neçə milyon yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi rekord həddə enib. Görülən işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Buna görə də prezidentin fərmanı ilə regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da təsdiqlənib.

Həqiqətən də, bu qədər iş görülür, nə var axı Bakıda? Sayaq! Ali təhsil müəssisələrinin əksəriyyəti Bakıdadır. Müxtəlif illərdə onların Bakı ətrafına köçürülməsi müzakirə mövzusu olub, ancaq mövzu kimi də qalıb. İntelekt və perspektiv ambisiyalılar şimal, cənub, qərb sərhəd rayonlarından da Bakıya üz tuturlar. Amma ən seçilən ali məktəblərin hərəsi bir şəhərdə olsaydı, belə olmazdı. Onda da Bakıda yaşayan abituriyent ora sənəd verməyəcəkdi. Bakı yenə qabarır. Müxtəlif dövlət xidmətləri, agentliklər yaradılıb, nazirliklər var. Bakıda var! Bayaqkı ali məktəb bölgüsü onlara da şamil olunsaydı, necə olardı? Təsəvvür edin, hansısa nazir Kürdəmirdə, o biri Beyləqanda, Qubadadır.

İnanmadınız? Səməd Vurğun demişkən, "Bakının dərdi var, Bakı xəstədir". Qaçqın və məcburi köçkünlərin çoxu Abşeron yarımadasında, əsasən Bakı, Xırdalan, Sumqayıt sakinləridir. Onlar müxtəlif peşə sahibləridi, çoxlarının da avtomobili var. Bu da dövlətin onlara uzun illər yaratdığı güzəştli, vergisiz yaşam şəraiti ilə də bağlıdır - maşın üçün pul yığa bilənlər olub. Aralarında taksi sürücüləri də az deyil. Düşünün, Bakı-Sumqayıt taksiləri Qubadlı-Zəngilan, Laçın-Kəlbəcər, Cəbrayıl-Füzuli, Ağdam-Şuşa və s. marşrut xətti ilə çalışsaydı, yollar boşalardı. Hərçənd əvvəlcə Qarabağa gedən yolu və oradan erməniləri boşaltmaq lazımdır. O bərəkətli torpaqlar alınsa, heç qayıdanların " taksavatlıq " edəcəyinə inanmıram, çünki hamısı sahibkar ola bilər, liderimizin sahibkarlığa dəstəyi fonunda bu qaçılmazdır.

Məcburən paytaxtda yaşayanlar, işğalla üzləşmişlər bir yana, digər rayonlardan da paytaxta üz tutanlar çoxdur. Əgər bölgələrdə yaradılan iş yerləri siyahılansa, monitorinq qrupu yaradılsa, komisiyalar olsa və hər hansı bir rayondakı müəssisələr oranın sakinlərinin işlə təminatını ödəsə, onlar Bakıya çətin gələr. Gəlsə, bayramdan bayrama, xeyirdə, şərdə - lap SSRİ illərindəki kimi.

Hazırkı temp davam edən təqdirdə isə, çıxış yolu Türkiyə variantıdır. Paytaxt İstanbul yox, Ankara! Qədim paytaxt şəhərlərimiz Gəncə, Bərdə, Qəbələ mərkəz olmaq üçün darıxmış diyarlardı. Gəncə ilə Bərdə düşmən nişangahına yaxın olduğu üçün Qəbələdə dayanaq və tıxac ancaq Bakıdadır deməyək...

Anar Rəhimov