Bu gün həm Azərbaycanda, həm də dünyada koronavirusa yoluxmanın yeni bir dalğa ehtimalı ilə artması qətiyyətlə peyvəndə qarşı əks-təbliğat kimi istifadə oluna bilməz.
Bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.
R.Mahmudov bildirib ki, COVİD-19-dan əvvəl də məlumdur ki, istənilən peyvəndin epidemioloji vəziyyətdə effektiv olması üçün risk qrupunda olan əhalinin ən azı 60-70 faizinin peyvənd olunmasına ehtiyac var:
“Bu gün ölkəmizdə hələ əhalinin təxminən 5 faizi peyvənd olunub. Bu göstərici ilə peyvəndin istənilən bir dalğanın qarşısını ala biləcəyi ehtimalını ortaya qoymaq elmi reallıqlara əksdir və hazırki şəraitdə vaksinlərin effektivsizliyi haqqında fikir ortaya qoymaq da bimənalı olaraq qeyri-peşəkar yanaşmadır”.