• 20 Aprel 2024
logo
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçib

Vəkillər Kollegiyasına üzv olmaq istəyən 159 nəfər ikinci mərhələyə keçib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2021-ci il martın 5-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar həyata keçirilən sanitar-gigiyenik tədbirlər çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada 2 növbədə təşkil olunub. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

Xatırladaq ki, imtahanda iştirak etmək üçün 280 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 271 namizəddən 159 nəfər 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

İmtahan nəticələri ilə bağlı Apelyasiya komissiyası 9-11 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).