• 15 Aprel 2021
logo
Agentlik sədri: "I qrup və digər əlillik qrupları əmək qabiliyyətsiz sayılmır”

Agentlik sədri: "I qrup və digər əlillik qrupları əmək qabiliyyətsiz sayılmır”

“Bizim qanunvericiliyə əsasən, işsiz şəxs işi və qazancı olmayan iş axtaran, işə başlamağa hazır olan, əmək qabiliyyəti yaşında olan əmək qabiliyyətli şəxslər sayılır. Amma I qrup və digər əlillik qrupları heç də əmək qabiliyyətsiz sayılmır”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn “Sosial saat” verilişində Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, yalnız əmək zəmanəti olmayan şəxslər əmək qabiliyyətsiz sayılır və onlar məşğulluq tədbirlərinə cəlb oluna bilmirlər: “Əgər hər hansı vətəndaşın əlilliklə bağlı sənədində onun əmək zəmanəti ilə bağlı əmək qabiliyyətsiz qeyd olunubsa, həmin şəxs Tibbi Sosial Ekspertiza Komissiyalarına müraciət edib müvafiq düzəlişlər apara bilər. Digər hallarda əmək zəmanəti icazə verdiyi hallarda I qrup əlilliyi olan şəxslər nəinki müraciət edə bilər, hətta onlar digərlərinə münasibətdə daha üstün hüquqa malikdilər”.