• 20 Aprel 2024
logo
Bakının daha bir rayonunda “ingilis layihəsi”nin tətbiqinə başlanıb - FOTO

Bakının daha bir rayonunda “ingilis layihəsi”nin tətbiqinə başlanıb - FOTO

2019-cu ilin iyul ayından Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti və Böyük Britaniyanın "Mott MacDonald" şirkəti ilə birgə paytaxtın Nərimanov rayonunda həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi ilə bağlı pilot layihənin növbəti mərhələsi başlayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən xəbərə görə, mart ayının 1-dən paytaxtın Nizami rayonu da bu layihəyə qoşulub.

İşlərə hazırlıq ərəfəsində Nizami rayonunda 380 ədəd konteyner meydançası yaradılib, bura 2 rəngdə - yaşıl və narıncı rəngli yeni, müasir konteynerlər quraşdırılıb. Rayonda əhali arasında maarifləndirmə işləri aparılır. Sakinlərin rahatlığı üçün hər mənzilə yaşıl və narıncı rəngli çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici posterlər yapışdırılıb.
İlkin mərhələdə Bakı Şəhər və Nizami Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri təbliğat və izahetmə işlərində yaxından iştirak edirlər.

Hazırlıq işləri çərçivəsində Nizami rayonunun kommunal xidmət əməkdaşları Nərimanov rayonunda bu layihənin uğurlu tətbiqinin təcrübəsini yaxından öyrənib, kommunal təsərrüfatı işçiləri və könüllülər müvafiq qaydada təlimatlandırılıblar.

Görülən tədbirlərin nəticəsi kimi yeni layihənin Nizami rayonunda tətbiqinin ilk günlərindən müsbət nəticələr əldə edilib. Belə ki, əgər Nərimanov rayonunda layihənin tətbiqinin ilk günündə çeşidlənmiş tullantının həcmi bir gündə 4 ton, sonradan isə tədricən 6 və 8 ton olmuşdusa, Nizami rayonunda ilk gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq yığım məntəqəsinə təhvil verilib. Bu da ilk növbədə, Nərimanov rayonunda əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir.