• 17 Sentyabr 2021
logo
Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq

Reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva deyib.

Onun sözlərinə görə, post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib.

O bildirib ki, Sumqayıt Reabilitasiya Mərkəzində qazilərin artıq yüksək texnologiyalı protezlə təminatına başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib:

"Müharibədə yaralanmış hərbçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir.

Müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir".

Qeyd edək ki, 2019-2020-ci illərdə Yevlax və Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib. Cari ildə isə Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb.