• 28 Sentyabr 2021
logo
Güclü külək əsəcək

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Xəbərdarlıq

Martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.