• 16 İyul 2019
logo
add image
Qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı başlayıb

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatına başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, qeydiyyat prosesi iyunun 20-dən iyulun 3-dək davam edəcək. Bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat iyunun 28-də başa çatacaq. Göstərilən komissiyalarla yanaşı, digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün yerləşdirilmiş linkdən istifadə etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının (ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi (qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) olacaq.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan qəbul (buraxılış) imtahanından ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə 60 bal, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə isə 40 bal toplayan abituriyentlər keçə bilərlər. Fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur.
Qabiliyyət imtahanları iyulun 2-dən avqustun 2-dək keçiriləcək. Abituriyentlərə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcək. Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.
Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib. I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat iyulun 8-dən 13-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 19-dan 23-dək keçiriləcək.
Azərbaycan İlahiyyat İnstitutunun III ixtisas qrupuna aid olan islamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin qeydiyyatı iyulun 20-dən 24-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 27-dən avqustun2-dək keçiriləcək.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat 8-16 iyulun 8-dən 16-dək aparılacaq, qabiliyyət imtahanları isə iyulun 18-dən 22-dək keçiriləcək.