• 29 Mart 2024
logo
İri ticarət mərkəzləri və "Mall"arın açılması ilə bağlı VACİB AÇIQLAMA

İri ticarət mərkəzləri və "Mall"arın açılması ilə bağlı VACİB AÇIQLAMA

Son günlər koronavirusa yoluxanların sayında müsbət dinamika davam edir. Məhz ona görə də yanvarın 25-dən karantin rejimində müəyyən yumşalmalara gedildi. Belə ki, yanvarın 25-dən bərbərxanaların, gözəlik salonlarının fəaliyyəti və rayonlara gediş-gəliş bərpa olundu. Fevralın 1-dən isə kafe və restoranların açılması gözlənilir. Bu gün hər kəsi maraqlandıran məsələ yoluxma sayı azaldıqdan sonra növbəti mərhələdə iri ticarət mərkəzləri və "Mall"arın fəaliyyətinə icazə verilə bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, biz birdən-birə bütün iri ticarət mərkəzləri, "Mall"arı aça bilmərik:

"Çünki təhlükə tam sovuşmayıb. Bilirsiniz ki, birinci gündən bəzi müəssisələrin fəaliyyətinə icazə verildi. Növbəti həftənin birinci günündən də kafe və restoranların fəaliyyətinə icazə veriləcək. Düşünürəm ki, iri ticarət mərkəzlərinin fəaliyyətinin icazə verilməsinə tələsməməliyik. Yoluxma sayında əldə olunan nəticə ürəkaçandır. Amma təhlükə tam sovuşmadığına görə biz bir müddət gözləməliyik ki, fəaliyyətinə icazə verilən müəssisələr işə başladıqdan sonra yoluxma dinamikasında hansı nəticələr müşahidə olunur və proses necə gedir. Əgər müsbət dinamika davam edərsə, növbəti mərhələlərdə iri ticarət mərkəzlərin fəaliyyətinə icazə verilə bilər. Hesab edirəm ki, biz qərar verməkdə tələsməməliyik. Yalnış bir addım yoluxma sayını yenidən artıra bilər. Virusun tam səngiməsini gözləməliyik. Anlayıram ki, həmin sahədə çalışanlar üçün çətinliklər var. Amma ümumi vəziyyəti nəzərə alıb tələsməməli, düşünülmüş şəkildə qərarlar verməliyik".