• 2 Mart 2021
logo
“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək

“Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Müzəffər Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.

Agentlikdən verilən məlumata görə, sözügedən yol həm də, şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101.5 km uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb.

Dövlət başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Bu ilin sentyabr ayınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.