• 4 Dekabr 2020
logo
Azərbaycanda əcnəbilər üçün işə görə kvotanın yarısından çoxu dolub

Azərbaycanda əcnəbilər üçün işə görə kvotanın yarısından çoxu dolub

Bu il Nazirlər Kabineti tərəfindən əcnəbi miqrantlar üçün 6800 kvota müəyyənləşdirib, yəni il ərzində 6800 əcnəbi ölkəmizdə əmək fəaliyyətinə cəlb edilə bilər.
Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, artıq bu kvotanın yarısından çoxu üzrə işləmək üçün müraciətlər edilib.
V.Hüseynov əlavə edib ki, əcnəbilərin iş icazəsinin alınmasının rüsum məbləği müddətə görə dəyişir. Azərbaycanda 6 aylıq iş icazəsi üçün dövlət rüsumunun məbləği 500, birillik rüsumun məbləği isə 1000 manatdır: "Biz çalışırıq ki, kvotanın mövcudluğu heç bir sahibkarlıq subyekti üçün gərginlik yaratmasın. Hətta kvota dolduğu zaman hökumət tərəfindən bu məsələyə təkrar baxıla bilər".
Xidmət rəisi qeyd edib ki, daimi yaşama icazəsi olan şəxslər və Azərbaycan vətəndaşı ilə nikahda olan şəxslər iş icazəsi almaqdan azaddırlar: "Ancaq onlar da əcnəbi əməkçi miqrant hesab olunurlar .
Əmək bazarının milliləşməsi dövlətimiz üçün əsasdır. Xüsusən enerji və neft sektorunda uzun müddətdir ki, bu, icra edilir. Artıq yüksək nəticələr var. Əvvəllər əcnəbi mühəndislər ölkəmizdə işlərə cəlb olunurdusa, indi bizim öz mütəxəssislərimiz var və əcnəbiləri əvəz edə bilirlər. Bu da təbii ki, kvotaya təsir edir".