• 22 Yanvar 2021
logo
Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə onlayn tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzi Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə onlayn tədbir keçirib

Ombudsmanın Gəncə Regional Mərkəzinin və Tovuz rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Tovuz rayon gənclərinin aktiv iştirakı ilə 1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü münasibətilə “QİÇS-lə mübarizənin tibbi və hüquqi aspektləri” mövzusunda onlayn maarifləndirici tədbir keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına Ombudsman Səbinə Əliyevanın salamlarını çatdıran Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov iştirakçıları Laçın rayonunun işğaldan azad olunması münasibəti ilə təbrik edib, Vətən müharibəsinin gedişatında respublikamızın hər bir rayonunda olduğu kimi Tovuzdan olan gənclərin də öz vətənpərvərlikləri ilə ölkəmizin haqq işinə böyük töhfə verdiklərini qeyd edib.

Tədbirin mühüm bir mövzuya-insan immunçatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliyə və bu xəstəliyə artıq yoluxmuş şəxsərin hüquqlarının qorunmasına həsr edildiyini bildirən Səbuhi Abbasov Ombudsman təsisatı tərəfindən QİÇS-lə bağlı həyata keçirilmiş maarifləndirmə tədbirləri və Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə qarşılıqlı faydalı əməkdaşlıqdan bəhs edərək, İİV-in ağır sosial-iqtisadi problemlər törətdiyini, ölkəmizdə də bu xəstəliyin yayılma təhlükəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. QİÇS-ə yoluxmuş xəstələrlə rəftar, onların hüquqları barədə məlumat verən S.Abbasov İİV-ə yoluxmuş şəxslərin bu virusu bilərəkdən başqa şəxsə yoluxdurmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edərək, xəstəliyin qarşısının alınması üçün digər dövlət təminatları, o cümlədən İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında 11 may 2010-cu il tarixli Azərbaycan Respublikası Qanununun müddəaları barədə tədbir iştirakçılarına məlumat verib. Gənclərə bu xəstəliyə, həmçinin COVID-19 virusuna yoluxmamaları üçün hər zaman diqqətli olmaları, sanitar-gigiyenik qaydalara ciddi riayət etmələri tövsiyə edilib.

Tədbirdə İİV-ə yoluxma ehtimalı yüksək olan riskli obyektlər, yoluxma yolları və bunlardan qorunmağın yolları, virusa yoluxmuş xəstələrlə rəftar barədə, həmçinin respublika QİÇS-lə Mübarizə Mərkəzi və Gəncə şəhərində yerləşən regional HİV-laborotoriyası haqqında geniş məlumat verilib.

Müzakirə şəraitində keçən tədbirdə digər iştirakçılar da mövzu ilə bağlı çıxışlar edib, verilən suallar cavablandırılıb.