• 6 Dekabr 2024
logo
Bu il evlənmək istəyənlərin 94-də QİÇS, 142-də sifilis aşkarlanıb

Bu il evlənmək istəyənlərin 94-də QİÇS, 142-də sifilis aşkarlanıb

Azərbaycanda nikaha daxil olmaq istəyənlər üçün məcburi tibbi müayinələrin aparılmasının tətbiq edildiyi 2015-ci il iyunun 1-dən indiyədək evlənmək istəyən 20 548 nəfərdə talassemiya daşıyıcılığı, 1866 nəfərdə sifilis xəstəliyi, 542 nəfərdə İİV/QİÇS, aşkar edilib.
Bunu özəl olaraq Trend-ə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.
Direktorun sözlərinə görə, 2015-ci il iyun ayının 1-dən bugünədək nikaha daxil olmaq üçün 592 153 nəfər insan qan müayinəsindən keçib. İndiyədək hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 219 cütlük aşkar edilib.
Z.Əlimirzəyeva əlavə edib ki, yalnız bu ilin yanvar-avqust ayları ərzində 92 340 nəfər qan müayinəsinə cəlb olunub. Onların 2313 nəfərində talassemiya daşıyıcılığı, 94 nəfərində İİV/QICS, 142 nəfərində isə sifilis xəstəliyi aşkar edilib.
Bu ilin 8 ayı ərzində hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan 30 cütlük prenatal müayinəyə cəlb olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, cütlüyə daxil olan qadınların hamiləliyinin 12-18 həftəliyində dölyanı müayinələri aparılıb. Onların arasında dölü sağlam və talassemiya daşıyıcılığının olduğu (praktiki olaraq sağlam) hamilə qadınlar nəzarətə götürülüb, xəstə döllər isə həkim məsləhəti ilə abort edilib.
İnstitut direktoru əlavə edib ki, aparılan maarifləndirmə işləri nəticəsində evlənmək istəyən cütlüklər artıq nikahdan bir ay əvvəl deyil, hətta ailə qurmaq istədiklərini planlaşdırdıqları zaman müayinədən keçmək üçün müraciət etməyə başlayıblar.