• 6 Dekabr 2024
logo
Gündüz İsmayılov: Dövlət qurumlarının borcudur ki, dini yanaşmaların hamısına uyğun şərait yaratsın

Gündüz İsmayılov: Dövlət qurumlarının borcudur ki, dini yanaşmaların hamısına uyğun şərait yaratsın

Hər bir insanın dinə bir yanaşması var. Kimin üçün din mənəviyyat məsələsidir, kimin üçün hüquq, kimin üçün vicdan azadlığıdır, kimə üçünsə həyat tərzi və ya şəriət məsələsidir.
Aidiyyəti dövlət qurumlarının borcudur ki, bu yanaşmaların hamısına uyğun şərait yaratsın.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə “Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən müvafiq dövlət qurumlarının 3 baxış bucağı var: "Birinci baxış bucağı dövlətin dini təhlükəsizlik məsələsidir. Yəni dövlətin borcudur ki, bu sahəyə milli təhlükəsizlik prizmasından yanaşsın. Bunun üçün dövlətin xüsusi xidmət orqanları var. İkinci baxış bucağı ictimai təhlükəsizlik məsələsidir. Bunun üçün dövlətin hüquq-mühafizə orqanları var. Bir də üçüncü olaraq hər bir dövlət bu məsələyə özünün ideoloji təhlükəsizlik nöqteyi-nəzərindən yanaşmalıdır. Dövlət öz ideoloji təhlükəsizliyini təmin etmək üçün o meyarları müəyyənləşdirərək bu sahəni tənzimləməyə çalışmalıdır. İdeoloji nöqteyi-nəzərdən bu sahəyə yanaşmaq üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, digər dini icmalar, Qeyri-Hökumət Təşkilatlarının bu sahədə bizimlə birgə əməkdaşlığı olduqca vacibdir. Bununla bağlı kifayət qədər müzakirələr apara bilərik".
Sədr müavini bildirib ki, ideoloji təhlükəsizlik, din sahəsində problemlər dedikdə, ilk ağlagələn dini radikalizm olur: "Amma təəssüf ki, cəmiyyətimizi narahat edən təkcə dini radikalizm deyil. Din pərdəsi altında başqa məsələlər də var ki, bunlar da narahat edən məqamlardır. Məsələn, milli kimliklə dini kimlik anlayışının, azərbaycançılıq ideologiyası ilə İslamın qarşı-qarşıya qoyulması, yaxud din pərdəsi adı altında dünyəvilik prinsiplərinə zidd təbliğatın aparılması cəhdləri, qadın hüquqları, ənənəvi ailə institutu, dünyəvi təhsil sisteminə qarşı müəyyən təhdid cəhdlərinin olması geniş müzakirə edəcəyimiz məsələlərdir.