• 29 Noyabr 2020
logo
Emin Əmrullayev: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək”

Emin Əmrullayev: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək”

“Hazırda məqsəd distant təhsilə keçid deyil, bu, sadəcə indiki dövrdə ən optimal variantdır”.

Bunu Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər üzrə keçirilən brifinqdə Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, uzun müddətli tətil elan etməkdənsə, distant təhsil, teledərslər daha uyğundur: “Üzləşdiyimiz vəziyyətdə iki məqam var, çətin olsa da, buna öyrəşməliyik. Distant təhsil coğrafiyası dəfələrlə çoxalıb, tam istədiyimiz yerdə olmasaq da, irəliyə doğru addım atırıq. Heç bir təhsilin olmamağındansa distant təhsil ən yaxşıdır, bununla müəllimlərdə də müəyyən bacarıqlar yaranır”.

Nazir bildirib ki, özəl təhsil müəssisələri, məktəb və liseylər təhsil haqqının ödənişi ilə bağlı özü qərar verir: “Ali təhsil müəssisələrində tətil müddəti kompensasiya ediləcək. Prosesin ortasında bunu qiymətləndirmək çətindir. Növbəti həftələrdə yəqin yoluxma daha çox arta bilər. Bu proses bitdikdən sonra, hətta bu ilin sonuna qədər də çəkə bilər”.

E.Əmrullayev bildirib ki, pandemiyanın nəticəsinin aradan qaldırılması daha uzunmüddətli olacaq: “Təhsil sahəsində də postpandemiya dövrü üçün müəyyən fəaliyyət olmalıdır”.