• 20 Noyabr 2019
logo
add image
Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Azərbaycanda ərəb dilinin tədrisi ilə bağlı keçirilmiş konfransın materialları nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Azərbaycanda Ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivlər” mövzusunda konfransın materialları çapdan çıxıb.
Aİİ-dən verilən məlumata görə, kitabda 12 alimin Ərəb dilinin tədrisi sahəsində mövcud vəziyyət və perspektivləri mövzusunda müxtəlif məqalələri dərc olunub.
Topluda AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Qədim dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İmamverdi Həmidovun; Bakı Dövlət Universiteti Ərəb filologiyası kafedrasının professoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin müdiri Aida Qasımovanın; AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri dosent Məmmədəli Babaşlının; Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müdiri dosent Elnurə Əzizovanın və digər alimlərin məqalələri yer alıb.
Kitaba “Ön söz” yazan Aİİ rektoru i.f.d. Ceyhun Məmmədov qeyd edib ki, ərəb dilinin təkamülü İslam dininin yayılması və müsəlmanların Müqəddəs Kitabı – “Qurani-Kərim”lə bağlıdır.
C.Məmmədov daha sonra bildirib ki, Ərəb dili qədim İslam müdrikliyinin xəzinəsidir. Şair, filosof və alimlər dilin gücünü və gözəlliyini əxz edərək, bəşəriyyətin inkişafına misilsiz töhfələr vermişlər.
Azərbaycan İlahiyyat İnstitutunda təşkil olunan konfrans barədə bəhs edən Aİİ rəhbəri, həmçinin vurğulayıb ki, ali təhsil müəssisəsində Ərəb dilinin tədrisinə xüsusi önəm verilir. İlahiyyat fakültəsində tədris edilən Qurani-Kərim, Siyər, Əqaid, Təfsir, Hədis, Fiqh, Kəlam, Təsəvvüf kimi İslam elmlərinin öyrənilməsində, Orta əsr mənbələrinin tədqiqində ərəb dilinin önəmi danılmazdır.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu elmi kitabların çapına xüsusi önəm verir. Gələcəkdə “İlahiyyat nəşrləri” adı altında layihə nəzərdə tutulur ki, buraya müəllimlərimizin və bu sahədə çalışan mütəxəssislərin kitablarının, müxtəlif dillərdən tərcümə olunan əsərlərin nəşri daxildir.