• 19 Aprel 2021
logo
ADNSU-da Kimya-texnologiya və Neft-mexanika fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirilib

ADNSU-da Kimya-texnologiya və Neft-mexanika fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Kimya-texnologiya və Neft-mexanika fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirilib.

ADNSU-dan bildirilib ki, görüş koronavirus (COVID-19) pandemiyası dövründə tətbiq edilən qaydalara uyğun şəraitdə təşkil olunub.

Tədbirdə universitetin rektoru, professor Mustafa Babanlı tələbə adını qazanmış gəncləri təbrik edib və ADNSU-nu seçdiklərinə görə onlara, valideynlərinə və bu seçimdə onlara dəstək olan şəxslərə minnətdarlığını bildirib. Rektor qeyd edib ki, ölkənin qabaqcıl universitetlərindən biri olaraq tələbələrin etimadını doğrultmaq, onlara yüksək səviyyədə təhsil vermək üçün ADNSU-nun savadlı professor-müəllim heyəti var. Həmçinin keyfiyyətli təhsil üçün ali məktəbdə müasir infrastruktur mövcuddur və tədris prosesində müasir texnoloji imkanlardan geniş istifadə olunur.

Universitetin təhsilvermə imkanlarından, tədrisin təşkilindən və tələbələrin biliyinin qiymətləndirilməsindən danışan professor Mustafa Babanlı onlayn və ya oflayn (ənənəvi formada) olmasından asılı olmayaraq hər bir tələbənin dərslərə ciddi yanaşmasının vacibliyini, onlar üçün yaradılan şəraitdən maksimum faydalanmağı tövsiyə edib.

Sonra Kimya-texnologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Neft-mexanika fakültəsinin dekanı, dosent Əlihikmət Əhmədov tələbələrə ADNSU-dakı mövcud təhsil və tədris sistemi, dərs vəsaitlərinin tələbələrə çatdırılması və onların biliyinin qiymətləndirilməsi, imtahanların təşkili haqqında məlumat veriblər. Təhsildə tələbə-müəllim münasibətlərinin vacibliyindən danışaraq gənclərə uğurlar diləyiblər.

Görüşdə ADNSU-nun İnformasiya texnologiyaları departamentinin direktoru Elnur Səfərli, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev, Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə çıxış edərək ADNSU-nun tarixi, inkişaf mərhələləri, ali təhsil müəssisəndə mövcud olan mərkəzlərin fəaliyyəti, xüsusi dərnək bölmələri, kredit sistemi ilə tədrisin təşkili, tələbə mobilliyi, ADNSU-da yaradılan Unibook – “Elektron Universitet” sistemi haqqında məlumat veriblər.

Sonda tələbələrin sualları cavablandırılıb.