• 21 Oktyabr 2020
logo
Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Daha 3 rayonda 19 ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 3 rayonda 19 fərdi yaşayış evi (o cümlədən, İmişlidə 10, Füzulidə 5, Ağdamda 4 ev) şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən bildirilib ki, Füzuli rayonunun İkinci Mahmudlu kəndində evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Süleyman Əliyev iştirak edib.

Tədbirlərdə Prezident İlham Əliyevin sosial siyasətinin əsasında vətəndaş amilinin dayandığı, həssas əhali qruplarının rifahına yönələn tədbirlərin geniş vüsət aldığı vurğulanıb.

Bildirilib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ötən il 934 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda, yəni azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Füzuli, Ağdam, İmişli rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 617 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 63 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8205 mənzil və fərdi ev təqdim edilib.