• 24 Aprel 2024
logo
DİM sədri: "Pandemiyanın tədris prosesinə təsirinin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib"

DİM sədri: "Pandemiyanın tədris prosesinə təsirinin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib"

“Dövlət İmtahan Mərkəzi koronavirusla bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq otk.az portalında 9 və 11-ci sinif şagirdləri üçün yerləşdirilmiş bütün buraxılış və qəbul imtahanlarını, rezidentura, dövlət qulluğuna qəbul imtahanlarını mart ayından iyul ayınadək ödənişsiz edib”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 39640 istifadəçi tərəfindən 131107 yazılış qeydə alınıb, bəzi istifadəçilər bir neçə imtahana yazılıb: "Pandemiya şəraitinin təlim-tədris prosesinə mənfi təsiri ilə əlaqədar qeyd edə bilərik ki, Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən bu təsirin minimuma endirilməsi üçün bir sıra tədbirlər həyata keçirilib. Bu il həm qəbul proqramı, həm də imtahanın məzmunu, imtahan suallarının təqdim edilmə forması daha da sadələşdirilib. Respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən, tədrisi mart-iyun aylarında nəzərdə tutulan mövzular ənənəvi qaydada keçirilmədiyi üçün qəbul imtahanı proqramından qeyd edilən dövrə aid mövzular çıxarılıb və imtahanlarda o mövzulara aid test tapşırıqları istifadə olunmayıb. Bundan əlavə, imtahanın birinci mərhələsində istifadə olunan və yazılı cavab vermək tələb edən açıq tipli tapşırıqların sayı 50% azaldılıb".

M.Abbaszadə deyib ki, V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyib, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılıb: "Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənlərinin də sayı azaldılıb. COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib".