• 20 Aprel 2024
logo
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.

DİM-dən verilən məlumata görə, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinə qəbul olunanların siyahısı "Abituriyent" jurnalının 7-ci sayında dərc olunması üçün sabah çapa veriləcək. Abituriyentlər jurnalları sentyabrın 25-dən etibarən əldə edə biləcəklər.
Dövlət İmtahan Mərkəzi tələbə adı qazanmış bütün gəncləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayır.

Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.