• 19 Sentyabr 2020
logo
MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasını keçirib

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasını keçirib

Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşıb.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim olunub. Onlayn iclasda aparılan fikir mübadiləsində deputatlar hesabatı məqbul sayıblar.

Sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarılıb. 10 bənddən ibarət iş planı təsdiqlənib. Komitə üzvləri Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Uşaq hüquqları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müsbət qarşılayıblar.

İclasda aparılan müzakirələrdə komitə sədrinin müavini Jalə Əliyeva, deputatlar Rauf Əliyev, Sədaqət Vəliyeva, Rəşad Mahmudov, Nigar Arpadarai, Tamam Cəfərova, Könül Nurullayeva və Pərvin Kərimzadə rəy və təkliflərini bildiriblər. Sonra cari məsələlərə baxılıb.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışlarda səslənmiş fikirlərə münasibət bildirib, qanunvericiliyə dair təkliflərini həmkarları ilə bölüşüb. Komitə üzvlərinin yekdil qərarı ilə gündəlikdəki bütün məsələlər Mili Məclisin plenar iclasına tövsiyə olunub.