• 2 Oktyabr 2020
logo
Zahid Oruc: “Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək”

Zahid Oruc: “Yeni əfv siyahısı Prezidentə təqdim ediləcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən Əfv Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edib.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bildirib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir.

“Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərksilah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi. Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji iqtisadi-siyasi qərarlarla sabitliyi və əmin-amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”, - deyə o bildirib.

O deyib ki, Birinci vitse-prezident Mehriban Əliyeva əfv və amnistiya hərəkatının əsas təşəbbüskarlarından, bir sıra hallarda onu qanunvericilik qaydasında gerçəkləşdirən müəlliflərindən biri kimi çıxış edir: “Təsadüfi deyil ki, on minlərlə insanın ümid dolu məktubları, bağışlanma müraciətləri məhz Mehriban xanıma ünvanlanır.

Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi”.

Millət vəkili deyib ki, indi Komissiyanın yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılacaq: “Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilikdə 400-dən artıq şəxsə şamil olundu. İndi Komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcəkdir. Əlbəttə, hər zaman olduğu kimi cənab prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.

Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək məhbus əfv edilib.